Günəş panellərini sifariş verən abonent nə üçün sayğac quraşdırmalıdır? - ŞƏRH

Günəş panellərini sifariş verən abonent nə üçün sayğac quraşdırmalıdır? - ŞƏRH
# 10 mart 2020 18:28 (UTC +04:00)

Alternativ və bərpa olunan enerji sahəsinin əsas istiqamətlərindən olan günəş enerjisindən istifadə zamanı suallar doğuran məsələlərdən biri də sayğacların quraşdırılması ilə bağlıdır.

Günəş panellərinin quraşdırılması nəticəsində elektrik enerjisi alınırsa, günəş elektrik stansiyasını işlədilməsi üçün sayğacların quraşdırması tələbi bəzi abonentlər tərəfindən anlaşılmazlıqla qarşılanır.

Məsələyə aydınlıq gətirən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədrinin müavini Cəmil Məlikov "APA-Economics"ə açıqlamasında bildirib ki, sayğac istifadəçi tərəfindən istehsal edilən, onun ümumi enerji şəbəkəsinə verdiyi və geri aldığı elektrik enerjisi üzrə göstəriciləri rəsmi şəkildə qeydə alacaq. Belə ki, müəyyən bir hesabat dövründə (məsələn, bir ay, rüb və s.) istifadəçi şəbəkəyə istehlak etdiyindən çox elektrik enerjisi göndərdiyi halda, sayğac tərəfindən qeydiyyata alınan (həcm üzrə) o fərqin müqabilində gəlir əldə edəcək (elektrik enerjisi şəbəkəsi operatoru tərəfindən təmin edilir).

"Eyni zamanda, şəbəkəyə istifadəçinin istehsal etdiyindən çox elektrik enerjisi götürəcəyi halda ölkədə müəyyən edilmiş tarif üzrə yaranmış fərqi ödəyəcək (həmin bu fərq də sayğac olmadan qeydə alına bilməz). Yeni müqavilə və sayğac abunəçi ilə şəbəkə operatoru arasında əlaqələri tənzimləməyə imkan verəcək", - deyə C. Məlikov əlavə edib.

Qeyd etmək lazımdır ki, hazırda respublikada 150 kVt gücünədək günəş foto-elektrik panellərinin istifadəsi üçün heç bir xüsusi icazə lazım deyil. Lakin 150 kVt həddindən çox böyük gücdür. Adi yaşayış evlərinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3-4 kVt gücündə günəşlə işləyən qurğuların quraşdırılması yetərlidir. Belə bir elektrik stansiyasını işlətmək üçün abonent (fiziki və ya hüquqi şəxs) sadəcə müqaviləni yeniləmək və yeni sayğac almaq üçün "Azərişıq" ASC-ə a müraciət etməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR