İtaliyanın “Breşiya” klubu koronavirus pandemiyası ilə bağlı vəziyyətlə əlaqədar rəsmi bəyanat yayıb.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi dayandırılan İtaliya çempionatının bərpasının əleyhinə olduğunu açıqlayıb.
Bu, şəhərin koronovirusdan zərərçəkən əhalisinə ehtiram əlaməti ilə əlaqələndirilib. Çünki Breşiya şəhəri koronovirusdan ən çox zərərçəkən Lombardiya bölgəsində yerləşir. Klubun prezidenti Massimo Çellino bəyan edib ki, çempionat başlasa komandasını meydana buraxmayacaq.
Bildirilib ki, çempionatın autsayderi mövsümlük abonentlərə buraxılmış oyunlara görə kompensasiya ödəyə bilməyəcək. Çünki artıq bununla bağlı vergilər də ödənilib. Əvəzində klub 2020/21 mövsümündə həmin abonent sahiblərinə güzəştli endirimlər təklif edəcək.
Qeyd edək ki, A seriyasının mayın sonu və ya iyunun əvvəlində bərpa olunması planlaşdırılır. Yarışın iyulun 2-dək başa çatması, oyunların VAR sistemi olmadan təşkili nəzərdə tutulub.