Böyük Britaniyada qaradərililərin hüquqlarının müdafiəsi uğrunda keçirilən mitinqlərdə 137 min nəfər iştirak edib. Onlardan 135 nəfəri polis tərəfindən həbs edilib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Priti Patel açıqlamasında bildirib.
O qeyd edib ki, şənbə və bazar günləri Londonun mərkəzi küçələrində amerikalı Corc Floydun xatirəsinə həsr edilmiş yürüş təşkil edilib: “Yürüş dinc şəkildə keçirilsə də, aksiya başa çatdıqdan sonra etirazçılara qoşulan radikal qüvvələrin üzvləri polisə hücum etməyə, plastik materiallar atmağa başlayıblar”.
Nazir əlavə edib ki, etirazçılar hökumət idarələrinə doğru irəliləyərək, hətta Baş nazirin iqamətgahının yerləşdiyi “Whitehall” küçəsinə toplaşaraq oradan çıxmaqdan imtina ediblər”.
Belə olan halda polis etirazçıları “Whitehall” küçəsindən çıxarmağa məcbur olub.