Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı ilə bağlı qalmaqal yaranıb

Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı ilə bağlı qalmaqal yaranıb
# 20 avqust 2008 11:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Avqustun 21-də İran Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin VI qurultayı keçiriləcək. Birliyin sədri Zümrüd Məmmədova APA-ya deyib ki, qurultayda birliyə sədr seçiləcək. Bununla yanaşı, Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi irs siyahısına salınması və aşıq sənətinin inkişafı istiqamətində görüləcək işlər barədə müzakirələr aparılacaq.
Z. Məmmədova qurultayla bağlı bəzi problemlərin yarandığını bildirib: “Avqustun 29-da Mədəniyyət və Turizm Nazirliyi də bizim birliyin qurultayını çağıracaq. Aşıqlar Birliyi qeyri-hökumət təşkilatı olduğundan onun qurultayını nazirlik çağıra bilməz. Mən neçə ildir, Birliyinin dağıdılmaması üçün pulsuz-parasız çalışıram. İndi eşidiblər ki, UNESCO-dan vəsait ayıracaq, hamı bizim işimizə qarışır”.
Z. Məmmədova onu da bildirib ki, prezidentə etdikləri müraciətdən sonra onlara Türkiyə səfirliyinin keçmiş binasında üç otaq verilib.
Mədəniyyət və Turizm Nazirliyinin bu gün yaydığı rəsmi məlumatda isə aşıqların növbəti qurultayının avqustun 29-da keçiriləcəyi bildirilib: “Azərbaycanın görkəmli aşıqlarının və ziyalılarının aşıqların növbəti qurultayının keçirilməsi barədə çoxsaylı müraciətlərini nəzərə alaraq və Azərbaycanda aşıq sənətinin inkişafı, təbliği, tədrisi və beynəlxalq miqyasda tanıdılması məqsədilə avqustun 29-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayı keçiriləcək. Qurultayda aşıq sənətinin qorunması və inkişafı üçün qarşıda duran vəzifələr, aşıqların yaradıcılıq təşkilatının möhkəmləndirilməsi, cari və perspektiv vəzifələrin müəyyənləşdirməsi, Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi İrs siyahısına salınması təklifinə dəstək verilməsi və digər məsələlər müzakirə ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR