Azərbaycanlı rəssam Misirin İstanbuldakı baş konsulluğunun binasında bərpa işləri aparır

Azərbaycanlı rəssam Misirin İstanbuldakı baş konsulluğunun binasında bərpa işləri aparır
# 02 dekabr 2009 01:09 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı rəssam Sənan Eynullayev Misir Ərəb Respublikasının İstanbuldakı baş konsulluğunun binasında bərpa işləri aparır.

Bu barədər APA-nın Türkiyə bürosuna məlumat verən Sənan Eynullayev deyib ki, bu layihə üzərində 3 aydır işləyir və hələ 3 ay da işləyəcək: “Misir Ərəb Respublikasının baş konsulluğunun tarixi binası İstanbul boğazının sahilində yerləşir. Binanın təxminən 150 yaşı var. Bərpa və təmir işlərində tarixi strukturu maksimal dərəcədə qorumağa çalışıram. Bu işi bitirəndən sonra dünyaca məşhur kişi geyimləri modelyeri Faruk Saraçla birlikdə Osmanlı padşahlarının bal mumu heykəlləri üzərində işləməyə başlayacağıq”.

1992-ci ildən bəri İstanbulda yaşayan rəssam Sənan Eynullayev Türkiyədə həyata keçirilən böyük sənət layihələrində iştirak edir. İyun ayında İstanbulda açılan Polis Təhsil və Konqres Mərkəzindəki 12 ədəd bal mumu heykəlinin müəllifi də Sənan Eynullayev olub. Ondan əvvəl isə Sənan Eynullayevin İstanbulun Esenyurt rayonunda qoyduğu 16 ədəd heykəlin açılış mərasimi keçirilib. O, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun İstanbulda rusca çapdan çıxan 8 cildliyinə illüstrasiyalar da çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR