Məlahət Abbasova: “Qarşımda küsmüş, qəlbi qırılmış bir Bəsti Cəfərova gördüm, onun haqqımda dedikləri ilə razı deyiləm”- FOTO

Məlahət Abbasova: “Qarşımda küsmüş, qəlbi qırılmış bir Bəsti Cəfərova gördüm, onun haqqımda dedikləri ilə razı deyiləm”- <font color=red>FOTO</font>
# 25 yanvar 2010 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycan mənə Türkiyənin qapılarını, Türkiyə mənə dünyanın qapılarını açdı”. Bu sözləri APA-ya açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova verib. Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Bəsti Cəfərovanın onun ünvanına söylədiyi “Məlahət Abbasovanın Türkiyədə yaratdığı rollar parlaq deyil” fikrinə münasibət bildirən aktrisa 17 serialdan səkkizində baş rola çəkildiyini xatırladıb: “Mehriban obrazını yaratdığım “1001 gecə” serialı bu gün bütün ərəb dünyasında, Avropa, Balkan ölkələrində tərcümə olunaraq böyük reytinqlərlə izlənilir. Ən son çəkildiyim filmdə böyük lider Atatürkün bacısı Makbulə rolunu canlandırmışam. Hollivuddan gələn qrupla çalışdım. Bütün qəzetlər “Atatürkün bacısı obrazını azərbaycanlı aktrisa canlandırır” yazanda necə qürur duyduğumu sözlə ifadə edə bilmərəm. Azərbaycanla bağlı həm aktrisa kimi, həm rejissor kimi o qədər böyük planlarım var ki... İnşallah hamısı yavaş-yavaş olacaq. Azərbaycanın Nargiləsi, Türkiyənin Mehribanı olaraq, hər iki ölkədə tanınmaq və sevilmək çox gözəl bir duyğudur. Bu gün mən istədiyim yerdə və istədiyim nöqtədəyəm...”

M. Abbasova Bəsti Cəfərovanın onun haqqında dedikləri ilə razı deyil: “Bəstinin mənim ünvanıma səsləndirdiyi fikirlərlə tanış oldum. Qarşımda bir çox şeylərə hirslənmiş, küsmüş, qəlbi qırılmış bir Bəsti Cəfərova gördüm. Bəsti Cəfərova mənim çox bəyəndiyim, çox sevdiyim bir aktrisadır. Mənim üçün özü, sözü doğru olan mərd bir insandır. Haqsızlıq olduğu yerdə heç kimdən çəkinməyən, sözü insanın üzünə söyləyən bir qızdır. Mən Bəstini bu şəkildə tanıdım və bu cür sevdim. Amma mənimlə bağlı söylədiyi bəzi sözlərə qatılmıram. Mənim Türkiyəyə gəlişim işlə deyil, ailə qurmamla bağlıdır. Mən Türkiyədə ailə qurmağa qərar verdiyim zaman sənətdən tam uzaqlaşmışdım. Açığı söyləyim ki, mən “Akademik Dövlət Dram Teatrı mənsiz nə edəcək, rollarım necə olacaq” deyə düşünmədim. Bu teatrdan kimlər gəldi, kimlər keçdi. Qısası, mən hər şeyimi sənətə qurban edəcək güclü bir xarakterə, iradəyə malik biri deyildim. İstanbulda məni teatrda işə qəbul edən zaman Bəstinin söylədiyi kimi deyil, tam tərsi oldu. İstanbul Şəhər Teatrının truppasından özümə qarşı böyük sevgi gördüm. Onların köməyi olmasaydı, bu gün mən bu nöqtəyə gəlməzdim. Baş rollar oynamamağımın ən böyük səbəbi məni sevmədikləri üçün deyil, diksiyamın yetərsiz olması idi. Amma bir neçə ildir ki, o problem də ortadan qalxdı”. M. Abbasova İstanbul Şəhər Teatrında çox gözəl rollar oynadığını da vurğulayıb: “Rollarımın parlaq olub-olmadığını söyləmək üçün əvvəlcə tamaşaları görmək lazımdır. Dişimlə, dırnağımla gəldiyim bu yerdə oynadığım hər rol mənim üçün parlaqdır. Mən 70 milyonluq Türkiyədə yox olmadım, “yox”dan özümü “var” etdim. Bu gün teatrımızda tək qadın rejissor mənəm. Ancaq heç zaman azərbaycanlı olduğumu da unutmadım. Azərbaycanlı ədiblərin əsərlərinin bu teatrın repertuarına daxil edilməsində və səhnələşdirilməsində böyük rolum oldu. Həmin əsərləri səhnələşdirdim, çoxsaylı qastrollara getdim. Əlbəttə, Azərbaycanda qalsaydım Bəstinin söylədiyi kimi baş rollar oynayardım, oynayırdım da. Amma bu gün Azərbaycan üçün daha faydalı işlər gördüyümü düşünürəm. Yaradıcılığımı yaxından izləyənlər bunu bilirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR