İçərişəhərdə “İncəsənət Bağı”nın açılışı olub

İçərişəhərdə “İncəsənət Bağı”nın açılışı olub
# 11 may 2010 15:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İçərişəhərdə “İncəsənət bağı”nın açılışı keçirilib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, “Kiçik Karvansara” və ya “Хаn Kаrvаnsаrаsı” adlanan, uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən ölkə əhəmiyyətli abidədə İçərişəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılıb, karvansara öz əvvəlki şəklinə qaytarılıb.

Mərasimə qatılan çoxsaylı qonaqlara “Kiçik Karvansara” və “İncəsənət Bağı” haqqında ətraflı məlumat verilib, xalq sənətkarlığının müxtəlif nümunələri təqdim olunub. Açılışda müasir kuklaçı-rəssam Elmira Abbaslının “İçərişəhərin obrazları” sərgisi nümayiş etdirilib. Belə ki, İnternet sorğu nəticəsində köhnə Bakının 23 tipik personajlarından 12-si müəyyən edilib, həmin personajlar E. Abbaslının yaradıcı səyləri nəticəsində qısa müddət ərzində hazırlanaraq “İncəsən Bağı”nın açılış günü tamaşaçıların ixtiyarına verilib. Kukla kolleksiyası İçərişəhər ağsaqqallarının danışdığı hekayətlərdən və tarixi fotomateriallardan, həmçinin elmi-tarixi faktlara istinad nəticəsində yaradılıb. Növbəti iki həftə ərzində “İncəsənət Bağı”nın qonaqları hər gün saat 11.00-dan 18.00-dək “İncəsənət Bağı”ndakı sərgi-nümayişə tamaşa edə biləcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR