Azərbaycanda Özbəkistan Kino Günlərinin açılış mərasimi keçirilib

Azərbaycanda Özbəkistan Kino Günlərinin açılış mərasimi keçirilib
# 25 oktyabr 2010 17:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Özbəkistan Kino Günlərinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində ilk öncə bu ilin aprelində Özbəkistanda keçirilən Azərbaycan Kino Günləri ilə bağlı hazırlanmış xüsusi çarx nümayiş olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki dost ölkə arasında mədəni əməkdaşlığın gücləndirilməsi naminə bu cür tədbirlərin keçirilməsini əhəmiyyətli hesab etdiyini deyib.

Özbəkistanın Azərbaycandakı səfiri İsmətullah İrqaşev çıxış edərək bildirib ki, günü-gündən inkişaf edən, müasirləşən Azərbaycan da Özbəkistan Kino Günlərinin keçirilməsi olduqca təqdirəlayiqdir. Səfir kino günlərində azərbaycanlı kinosevərlərin mənalı vaxt keçirəcəklərinə ümid etdiyini vurğulayıb.

Çıxışlardan sonra qonaqlara Özbəkistanda istehsal olunmuş “Səma altında yol” filmi göstərilib.

Xatırladaq ki, oktyabrın 27-nə kimi davam edəcək Özbəkistan Kino Günləri çərçivəsində Azərbaycan kinosevərləri “Ötən günlər”, “18-ci kvadrat” bədii filmlərinə, “Şərq dürdanəsi” “Registan. Səmərqənd gövhəri” sənədli filmlərinə baxmaq imkanı əldə edəcəklər. 236 nömrəli məktəbdə isə “Özbəkistan çizgi filmləri günü” keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR