Yaşar Nuri: “Azərbaycana nə vaxt qayıdacağım yanvarın 15-də dəqiqləşəcək”

Yaşar Nuri: “Azərbaycana nə vaxt qayıdacağım yanvarın 15-də dəqiqləşəcək”
# 10 yanvar 2011 14:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Özümü çox ayxşı hiss edirəm. Bütün Azərbaycan xalqını salamlayıram. Narahat olmayın, bu ayın sonunda görüşəcəyik”. Bu sözləri APA-ya açıqlamasında İstanbulun Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri deyib. Xalq artisti bildirib ki, müalicəsi uğurla davam etdirilir və xəstəxanada ona çox yaxşı baxırlar: “Hər şey yaxşıdır, özüm üçün həm də istirahət edirəm. Düzdür, ağır günlər oldu, ancaq hər şey Allahın əlindədir. İndi sizinlə danışıram, gəzirəm, ayağa qalxıram. Bu, çox böyük bir şeydir”.

Yaşar Nuri bildirib ki, yanvarın sonları üçün Vətənə dönməyi planlaşdırılır. Aktyor Vətənə qayıtdığı zaman onun üçün narahat olan çoxsaylı insanlarla da görüşmək istəyindədir: “Bilirəm ki, hamı mənə görə narahatçılıq keçirib. Sizin vasitənizlə hamını salamlayır və təşəkkürüm bildirirəm. Amma vəfasız olmayın, zəng edin...”

Y.Nuri qeyd edib ki, yanvarın 15-də Azərbaycana nə zaman qayıdacağı dəqiqləşdiriləcək.

Qeyd edək ki, 2010-cu ilin noyabrın 6-da Yaşar Nurinin təzyiqi qəflətən qalxıb və o Azərbaycanda xəstəxanaya yerləşdirilib. Xalq artistinə hipertonik-krizis diaqnozu qoyulub. Bir neçə gün sonra isə aktyor İstanbul Memorial Xəstəxanasına aparılıb və o vaxtdan sözügedən xəstəxanada müalicə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR