Sentyabrda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müsabiqə yolu ilə işə qəbul həyata keçiriləcək

Sentyabrda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müsabiqə yolu ilə işə qəbul həyata keçiriləcək
# 13 yanvar 2011 13:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müsabiqə yolu ilə yenidən işə qəbul həyata keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin teatr sektorunun müdiri Naidə İsmayılzadə məlumat verib. Onun sözlərinə görə, hazırda Akademik Milli Dram Teatrında həyata keçirilən islahatlar bütün şəhər teatrlarına aid ediləcək. Sektor müdiri qeyd edib ki, eyni proses daha sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da həyata keçiriləcək. Onun sözlərinə görə, teatr islahatları ilk olaraq üç teatrın – Dövlət Gənc Tamaşaçılar, Gənclər və Kamera teatrlarının birləşməsi, Gənc Tamaşçılar Teatrının rus bölməsinin Rus Dram Teatrına əlavə edilməsi ilə başlanılıb. Bu proses Gəncə Poeziya Teatrının Gəncə Dram Teatrına verilməsi ilə davam etdirilib.

N. İsmayılzadə qeyd edib ki, Gəncə Dövlət Dram Teatrına gənc rejissor Gümrah Ömərovun, Mingəçevir Dövlət Teatrına Gülər Səttarovanın baş rejissor təyin olunması da bu istiqamətdə atılan addımlardandır: “Bu islahatlar davamlı olaraq şəhər teatrlarında aparılacaq. Bütün paytaxt teatrlarının kollektivləri yenilənəcək. Ancaq hələ ki, bu islahatların bölgə teatrlarına aiddiyyatı yoxdur”. Teatr sektorunun müdiri qeyd edib ki, şəhər teatrlarında kollektivlər yeniləndikdən sonra eyni prosesin bölgə teatrlarında başlanılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR