Bu gün «Oskar»a iddialıların siyahısı açıqlanacaq

Bu gün «Oskar»a iddialıların siyahısı açıqlanacaq
# 25 yanvar 2011 04:03 (UTC +04:00)
Bakı-APA. Amerika Kino sənəti akademiyası bu gün «Oskar» mükafatına namizədlərin adlarını açıqlayacaq.

Mərasim Beverli-Hilzdəki Semuel Qoldvin teatrında keçiriləcək və Bakı vaxtı ilə 17.38-də başlanacaq. Bu ilə tədbiri Amerika Kino sənəti akademiyasının prezidenti Tom Şerak və qara dərili aktrisa Monik aparacaqlar.

Şerak və Monik 24 nominasiyadan 10-da namizədlərin adlarını çəkəcəklər. Namizədlərin tam siyahısı daha sonra akademiyanın saytında yerləşdiriləcək. Ən yaxşı filmə görə nominasiyasında namizədlərin sayı ötənilki kimi 10 olacaq. Bu 10 film sırasına ilk növbədə «Sosial şəbəkə», «Kral danışır!», «Qara qu quşu», «Başlanğıc», «Döyüşçü», «Uşaqlar qaydasındadır» filmləri daxildirlər.

Aktyorlar arasında aşkar namizədlər Kolin Fert («Kral danışır»), Ceyms Franko («127 saat») və Mark Uolberq («Döyüşçü») sayılırlar. Aktrisalar arasında Natali Portman («Qara qu quşu»), Cennifer Lourens («Qış sümükləri») və Mişel Uilyamsın («Mavi Valentin») şansları daha yüksək dəyərləndirilir.

Rejissorlar arasında Darren Aronofski («Qara qu quşu»), Devid Finçer («Sosial şəbəkə»), Tom Huper («Kral danışır!»), Kristofer Nolan («Başlanğıc») və Devid O.Rassel («Döyüşçü») daha şanslı sayılırlar. Ən yaxşı cizgi filmləri sırasında «Oyuncaqların hekayəti: Böyük qaçış», «Yaramaz mən» və «Əjdahanı necə əhliləşdirməli» filmlərinin adları çəkilir.

Xarici dildə ən yaxşı film nominasiyasında «Qisas» (Danimarka), «GözEllik» (Meksika), «Qanundankənar» (Əlcəzair), «Yanğınlar» (Kanada), «Köpək dişi» (Yunanıstan), «Etiraflar» (Yaponiya), «Həyat hər şeydən üstündür» (CAR), «Biz yağışın altındayıq» (İspaniya) və «Sadə Saymon» (İsveç) filmlərinin adları daha çox hallandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR