Azərbaycanın «Miras» sənədli filmi Moskvada keçiriləcək beynəlxalq kinofestivalda iştirak edəcək

Azərbaycanın «Miras» sənədli filmi Moskvada keçiriləcək beynəlxalq kinofestivalda iştirak edəcək
# 05 mart 2011 09:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı rejissor Fariz Əhmədovun «Miras» sənədli filmi martın 12-19-da Moskvada (Rusiya) keçiriləcək XVIII Beynəlxalq «Svyataya Anna» kinofestivalının əsas müsabiqə bölməsində iştirak edəcək. F.Əhmədovun APA-ya verdiyi məlumata görə, Rusiya Kinematoqrafçılar İttifaqında start götürəcək kinofestivalda 15 nominasiya üzrə 300-dən artıq bədii, sənədli və animasiya filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq. Festival filmlərini 10 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.
Xatırladaq ki, «Miras» sənədli filmi 2010-cu ilin oktyabrında Moskvada keçirilən 30-cu Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Beynəlxalq Kinofestivalında «Kinematoqrafiya sənətinə sədaqətə görə» diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə, «Maarif» diplomuna, o cümlədən növbəti filmə görə qrand-pul mükafatına, həmin ilin dekabrında isə Polşada keçirilən Beynəlxalq Zubroffka Kinofestivalında iştirak edib və festivalın II mükafatına layiq görülüb.
F.Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət mükafatı laureatı A.A.Proşkinin emalatxanasında təhsil alır.
Filmin ssenari müəllifi Esmira Eyyub, qurluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
Film 2010-cu ildə «Bir addım» film studiyasında istehsal olunub və artıq bu ilin sonunadək bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR