“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının yeni quruluşda premyerası olacaq

“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasının yeni quruluşda premyerası olacaq
# 28 mart 2011 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Akademik Milli Dram Teatrı səhnəsində görkəmli Azərbaycan dramaturqu M. F. Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, tamaşanın premyerası martın 30-da baş tutacaq. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilib. Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı görülən təhlükəsizlik tədbirləri ilə başlayır.

Tamaşada xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları iştirak edirlər.

Tamaşa dahi ədibin 200 illiyinə həsr olunur. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı xalq Artisti Səyavuş Kərimidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR