“Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu ilə vida mərasimi keçirilib - FOTO

“Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu ilə vida mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 13 may 2011 12:11 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binasında əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu ilə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə mərhum rejissorun yaxınları, dostları, incəsənət xadimləri iştirak edib. Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, Azərbaycan incəsənəti özünün parlaq şəxsiyyətlərindən birini itirib. O, V. İbrahimoğlunu teatr sənətinin inkişafında böyük əməyi olan rejissor kimi xarakterizə edib.

Mərasimdə çıxış edən xalq artisti Fəxrəddin Manafov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemətov, xalq yazıçısı Anar, teatrşünas-alim Məryəm Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov mərhum rejissorun şəxsiyyətindən və yaradıcılığından danışıblar. Vida mərasimi saat 14.30-da başa çatıb. V. İbrahimoğlu doğulduğu Mərdəkan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, Vaqif İbrahimoğlu uzun müddətdir ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi. O, əvvəlcə Bakıda, sonra isə Ankaranın Qazi Universitetinin xəstəxanasında müalicə olunub. V. İbrahimoğlu ötən gün vəfat edib.

Görkəmli teatr rejissoru 18 oktyabr 1949-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib. Dünyanın bir çox ölkələrinin teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildən “Yuğ” teatrının bədii rəhbəri və baş rejissoru idi. Əməkdar incəsənət xadimi, “Qızıl Dərviş” mükafatı laureatı, Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. V. İbrahimoğlu “Yiğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR