Azərbaycan Teatrı Xadimləri İttifaqı Azərbaycanda dramaturgiya sahəsinin inkişafı naminə “Axundov dərsləri” adlı yeni layihənin icrasına başlayır

Azərbaycan Teatrı Xadimləri İttifaqı Azərbaycanda dramaturgiya sahəsinin inkişafı naminə “Axundov dərsləri” adlı yeni layihənin icrasına başlayır
# 04 iyul 2011 15:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Teatrı Xadimləri İttifaqının təşəbbüsü ilə Azərbaycan gənc dramaturqlar üçün “Axundov dərsləri” adı altında yeni layihə həyata keçiriləcək. Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov APA-ya verdiyi açıqlamasında bildirib ki, bu layihənin təşkili ilə bağlı qərar ittifaqın İdarə Heyətinin iclasında verilib. Teatrın təməlinin dramaturgiyadan başlandığını qeyd edən ittifaqı rəhbəri, bu layihə ilə bağlı qərarın yerində və zamanında verildiyini bildirib.
A.Nemətov müasir dramaturgiyada bir çox qüsurların olduğunu da diqqətə çatdırıb və bu layihənin müsbət nəticə verəcəyinə inandığını bildirib: “Bu gün qeyd olunan sahə çox çətin vəziyyətdədir. Ümumiyyətlə, bu gün yazarların - jurnalist-dramaturq, yazıçı-dramaturq kimi özlərini təqdim etmələri dəb halını alıb. Ancaq əslində dramaturgiyanın öz qanunları var. Belə bir deyim var - dramaturgiya ədəbiyyatın tacıdır. Bu tacı gəzdirməkdən gərək ona layiq olasan. Düzdür, bizim Mirzə Fətəli Axundovumuz, Cəfər Cabbarlımız, Hüseyn Cavidimiz, Cəlil Məmmədquluzadəmiz, İlyas Əfəndiyevimiz olub, Rüstəm İbrahimbəyovumuz var. Bu gün isə müəyyən problemlər var və bu səbəbdən də bu cür layihənin təşkili vacibdir”.

İttifaq rəhbəri bildirib ki, layihənin başlanğıcı olaraq tanınmış simaların ustad dərsləri keçiriləcək: “İlkin olaraq dramaturqlar dəvət olunacaq və bu dərslərdə gənc dramaturqlar iştirak edəcək. Bir növ gənc nəslin yaşlı nəsillə görüşləri olacaq. Layihə ilkin mərhələdə üç hissədən ibarət olacaq”.
“Süjet nə cür seçilir?” adlı ilk ustad dərsini Əli Əmirli, “Dialoqların qurulması necə olmalıdır?” adlı ikinci dərsi Ramiz Fətəliyev, “Hadisələrin qurulması” adlı dərsi isə Afaq Məsud və Natiq Rəsulzadə deyəcək. İlk ustad dərsinə gələn həftədən başlanılması nəzərdə tutulur.

A.Nemətovun sözlərinə görə, bu layihəyə ilk əvvəl yerli peşəkarlar, sonra isə dünya yazarları cəlb olunacaq. Dünya yazarları da Azərbaycanda gənc və orta nəslin nümayəndələrinə ustad dərsləri keçəcəklər. Dünya yazarlarının prosesə cəlb olunmasına üç aydan sonra başlanılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR