Qəbələdə Pianoçuların III Beynəlxalq Müsabiqəsi başlayıb

Qəbələdə Pianoçuların III Beynəlxalq Müsabiqəsi başlayıb
# 15 iyul 2011 15:55 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə Pianoçuların III Beynəlxalq Müsabiqəsinə start verilib. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün müsabiqənin açılışı, püşkatma mərasimi keçirilib və birinci turun dinləmələri olub. Azərbaycan, Çin, Koreya, Rusiya, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika və Ukraynadan 18 istedadlı pianoçunun iştirak etdiyi müsabiqədə Azərbaycanı Nərgiz Kəngərli təmsil edir. İştirakçılar dünya və Avropa bəstəkarlarının, eləcə də Tofiq Quliyevin əsərlərini ifa edəcəklər. İyulun 15-16-da piano müsabiqəsinin birinci turu keçiriləcək, 17-18 iyulda II turun dinləmələri olacaq. Ayın 19-20-də III tur keçiriləcək və 22 iyulda finala vəsiqə qazanan qaliblərlə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə konserti olacaq. Müsabiqənin ilk turunun birinci günündə gənc pianoçular dünya şöhrətli bəstəkarlardan İ.S.Baxın “Prelüd və Fuqa” əsərini, V.M.Motsart və Y.Haydının “Sonata”sını, F.Şopenin “Virtuoz etyudu”nü səsləndiriblər.

Beynəlxalq müsabiqənin münsiflər heyətinə Azərbaycan, İtaliya, İspaniya, Gürcüstan, ABŞ, Norveç, Meksika, Koreya, İngiltərə, İsrail və Çindən olan tanınmış musiqiçilər daxildir. Münsiflər heyətinin sədri BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayadır. Müsabiqə çərçivəsində gənc ifaçılar üçün dünya şöhrətli musiqiçilərin və münsiflər heyətinin tanınmış üzvlərinin ustad dərsləri təşkil olunacaq.

Qeyd edək ki, tədbirə Mədəniyyət və Turizm Nazirliyi dəstək verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR