Beynəlxalq musiqi festivalının iştirakçıları Şəki və Qəbələdə konsert veriblər

Beynəlxalq musiqi festivalının iştirakçıları Şəki və Qəbələdə konsert veriblər
# 03 avqust 2011 20:05 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları avqustun 3-də Şəki şəhərində konsert proqramı ilə çıxış ediblər. APA-nın məlumatına görə konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları və təsniflər ifa olunub. İtaliyanın R.Tebaldi və M.Monako adına Opera İncəsənəti Beynəlxalq Akademiyasının tələbəsi Cavid Səmədov (bariton) və İtaliyanın Ozimo Musiqi Akademiyasının tələbəsi Azər Rzazadəni (tenor) pianoda əməkdar artist Kəmalə Neymanova və beynəlxalq mükafatlar laureatı Səidə Tağızadə, violonceldə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin solisti, Azərbaycan Dövlət Simli Kvartetinin üzvü Aleksey Miltıx müşaiyət edib. Xanəndə Rəvanə Ərəbovanı isə tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov və nağarada Amil Mustafayev müşayiət edib.
Festival çərçivəsində həmin gün Qəbələdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konserti olub. “Qafqaz Resorte” otelinin qarşısında keçirilən konsertdə bəstəkar Soltan Hacıbəyovun “Karvan” simfonik əsəri, Azər Rzayevin və Pyotr Çaykovskinin violin, piano və orkestr üçün konsertləri səsləndirilib. Orkestrin çıxışı xalq artisti, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutub. Orkestr solo ifadan əlavə, İsrailin Keşet Eilon Beynəlxalq Violin ustad dərslərinin yaradıcısı, Buones-Ayres Beynəlxalq Violin Müsabiqəsinin sədri Şmolo Mintzi (İsrail, violin), S.Raxmaninov Fondunun və “Annacy”, “Baykal ulduzları” və “Crescendo” beynəlxalq festivallarının bədii rəhbəri Denis Matsuyevi (Rusiya, piano) müşayiət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR