Elçin Əfəndiyevin “Mahmud və Məryəm” filmində Mahmud rolunu Türkiyənin tanınmış və sevilən aktyoru Mehmet Gürsün canlandıra bilər - FOTO

Elçin Əfəndiyevin “Mahmud və Məryəm” filmində Mahmud rolunu Türkiyənin tanınmış və sevilən aktyoru Mehmet Gürsün canlandıra bilər - <font color=red>FOTO</font>
# 22 avqust 2011 14:50 (UTC +04:00)
Bununla bağlı APA-ya məlumat verən Türkiyədə yaşayan azərbaycanlı aktrisa, eyni zamanda sözügedən filmin danışmanı Məlahət Abbasova bildirib ki, filmin çəkilişlərinin oktyabrda başlanılması nəzərdə tutulur.

Mahmud rolunun ifası üçün bir neçə aktyora ssenari göndərilib. Bu sırada Türkiyənin sevilən aktyorları arasında olan “Bıçaq sırtı”, “Aşk təsadüfləri sevər” kimi filmlərdən tanıdığımız Mehmet Günsür də var. Əldə etdiyimiz məlumata görə, məhz Mehmet Günsürün bu rolu canlandırması gözlənilir. Məryəm rolunu isə azərbaycanlı aktrisalardan birinin oynaması planlaşdırılır. Bu rolun ifaçısını tapmaq üçün artıq kastinqlər elan edilib və bir sıra müraciətlər var.

Filmdə Məlahət Abbasova Mahmudun xalası Qəmər Banu obrazını canlandıracaq. Filmin prodüseri Sevda Kayğısızdır. “Mahmud və Məryəm” filminin Amerikanın tanınmış rejissoru tərəfindən çəkilməsi yönündə də danışıqlar aparılır. M. Abbasova deyib ki, bu filmi çəkmək ilk əvvəl Sevda Kayğısız tərəfindən təklif olunub. Türkiyənin tanınmış və seçilən prodüserlərindən olan Sevda xanım Azərbaycanın eşq əsərini lentə almaq istəyini bildirib və onun bu istəyi Azərbaycan, eləcə də Türkiyə tərəfindən müsbət qarşılanıb. Filmin çəkilişləri Azərbaycanın və Türkiyənin tarixi, qədim məkanlarında çəkiləcək.

Bu filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla 30-dan artıq ölkədə satışı düşünülür.

Məlahət Abbasova qeyd edib ki, “Mahmud və Məryəm” filminin çəkilişi Azərbaycanın tanınması baxımından çox böyük addımdır. Bu filmin Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağı düşünülür.

Qeyd edək ki, Elçinin “Mahmud və Məryəm” əsəri bir çox xarici dillərə tərcümə edilib. Bu roman qardaş Türkiyədə də dəfələrlə nəşr edilib, 1997-ci və 2003-cü illərdə ilin ən çox satılan 10 kitabı sırasında olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR