Son 5 ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmayıb

Son 5 ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmayıb
# 23 avqust 2011 14:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Rəssamlar İttifaqına son beş ildə bir rəssama belə üzvlük vəsiqəsi təqdim edilməyib. APA-nın əldə etdiyi məlumata görə, bu müddət ərzində 300-ə yaxın rəssam Rəssamlar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət edib, lakin bu müraciətlər baxılmamış qalıb.

Bu məsələ ilə bağlı APA-ya açıqlama verən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov faktı təsdiqləyib: “Bəli beş ilə yaxındır ki, bizdə rəssamlara üzvlük vəsiqəsi təqdim olunmayıb. İttifaqa 11 seksiya üzrə 300-ə yaxın müraciət daxil olub. Ancaq təqdim olunan ərizələrə baxılır və qərarlar qəbul edilir. Vəsiqələrin təqdimatı isə hamısı bir yerdə olacaq”.

İttifaq katibinin sözlərinə görə, ittifaqa üzv olmaq üçün ərizələrlə müraciət edənlərə üzvlük vəsiqəsi təqdim olunmasa da, onlara sərgilərin keçirilməsi, beynəlxalq tədbirlərdə iştirak üçün şərait yaradılır: “Rəssamlar İttifaqının iş rejimini digər ittifaqlarla eyniləşdirmək olmaz. Beş il müddətinə üzvlük vəsiqələrinin verilməməsinə səbəb işlərimizin çoxluğu olub. Tez-tez sərgilərimiz olur, bütün günü işlə məşğuluq, ancaq bu məsələ ilə də məşğul oluruq”.

A. İbrahimov onu da bildirib ki, bu ilin sentyabr-oktyabr aylarında ittifaqa qəbul olunan 300-ə yaxın rəssama üzvlük vəsiqəsi veriləcək: “Üzvlük vəsiqəsi o qədər böyük əhəmiyyət daşımır. Halbuki biz ancaq üzvlərimizə köməklik edirik, pulsuz qalereyalar, sərgi salonları veririk, ancaq ərizələrlə müraciət edənlərə də biz eyni köməklik göstəririk. Həm də axı bu gün bizim vəziyyətimiz o qədər yaxşı deyil. Rəssamlar üçün yeni emalatxana tikilir, daha bir neçə qalereya olacaq və bundan sonra yerimiz olacaq ki, biz üzvlərimizin sayını artıraq. Belədə isə çətinliklər yaranır. Rəssamlara fəal olmağı məsləhət görürəm. Qoy işləsinlər, hər şey yaxşı olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR