Azərbaycan prezidenti “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan prezidenti “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
# 24 noyabr 2011 12:06 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Dövlətimizin başçısı kinoteatrın rəmzi açılışını bildirən lenti kəsib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, 1934-cü ildə istifadəyə verilmiş “Nizami” kinoteatrının binası “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan prezidentinin sərəncamına əsasən yenidən qurulub.

Kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılıb.

Prezident və xanımı böyük zalda və VİP zalında filmlərdən fraqmentləri izləyiblər.

Bildirilib ki, birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcək.

Dövlət başçısına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olunub.

“Nizami” kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tövsiyə və tapşırıqlarını verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR