ABŞ-da Qarabağ mövzusunda sərgi açılıb - FOTO

ABŞ-da Qarabağ mövzusunda sərgi açılıb - <font color=red>FOTO</font>
# 07 iyun 2012 14:15 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın tanınmış Corc Meyson Universitetində Azərbaycan və Amerika qadın rəssamlarının sərgisinin rəsmi açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” adlı layihə çərçivəsində reallaşıb. Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti maliyyələşdirib. Sərgi iyunun22-nə qədər davam edəcək.

Sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının yağlı boya və qrafika üslubunda işlədiyi rəsmlər, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də Amerikada yaşayan Azərbaycan əsilli gənc rəssam Leyla Rzayevanın əsərləri nümayiş olunur.

“Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Xocalı faciəsi”, “Mistik narlar” və s. Bunlar sərgidə nümayiş olunan rəsm əsərlərinin tam olmayan siyahısıdır.
Corc Meyson Universitetinin İncəsənət qalereyasının direktoru Uolter Kravits sərginin açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirib, bu rəsmlərdə beynəlxalq incəsənət cizgilərinin olduğunu, amma milli çaların üstünlük təşkil etdiyini xüsusi vurğulayıb.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva tədbirdə çıxış edərək bildirib ki, bizim qadın rəssamlar rəsm əsərlərinin dili ilə, rənglərin dili ilə qloballaşan dünyamızı dostluğa, sevgiyə, sülh şəraitində yaşamağa, hər cür münaqişələrə yox deməyə çağırır. Belə layihələr vasitəsi ilə biz dünyamızı dostluq, sevgi, sülh rənginə boyamaq istəyirik.

Sərginin açılış mərasimində ingilis dilində “Azərbaycana xoş gəlmisiniz ” adlı sənədli film nümayiş olunub, Azərbaycan tarixinə, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı faciəsinə həsr olunmuş kitablar təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR