“TRT Avaz” telekanalında yayımlanacaq “Azərbaycan ulduzları’’ musiqi proqramının təqdimatı keçirilib

“TRT Avaz” telekanalında yayımlanacaq “Azərbaycan ulduzları’’ musiqi proqramının təqdimatı keçirilib
# 11 iyun 2012 07:02 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin Azərbaycandakı səfirliyində “TRT Avaz” telekanalının Bakı təmsilçiliyi tərəfindən hazırlanmış “Azərbaycan ulduzları’’ musiqi proqramının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə “TRT Avaz” telekanalı və onun Bakı təmsilçiliyinin fəaliyyətini, eləcə də “Azərbaycan ulduzları’’ musiqi proqramı ilə bağlı videomaterial nümayiş etdirilib. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qardaş ölkənin mədəniyyətinin türk dünyasında təbliğatını yüksək qiymətləndirib. Səfir çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirərək, Azərbaycanı “Eurovision” mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etməsi münasibəti ilə təbrik edib. “TRT Avaz” telekanalının Bakı təmsilçisi Yüksəl Dəyərcan və “Azərbaycan ulduzları’’ musiqi proqramın aparıcısı Arzu Əsgərova çıxış edərək verilişin yaranma səbəblərindən danışıb, bu verilişin Azərbaycan musiqisinin türk dünyasına təqdim olunması yönündə var-gücləri ilə çalışacaqlarını qeyd ediblər. Bildirilib ki, 4 ay ərzində ərsəyə gələn verilişin əsas məqsədi Azərbaycan musiqisini, mədəniyyətini Türkiyədə daha geniş şəkildə təbliğ etməkdir. Hər həftənin bazar günü saat 18:30-da efirə gedəcək 30 dəqiqəlik bu proqram vasitəsilə türkiyəli tamaşaçılar Azərbaycan mədəniyyətində baş verən yeniliklərdən xəbər tutacaq və qardaş ölkə musiqisini daha yaxından dinləmək imkanı əldə edəcəklər. Həmçinin veriliş həftə ərzində bir dəfə təkrar yayımlanacaq.

Tədbirdə millət vəkilləri, Azərbaycan mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Qonaqlara tarzən Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova və gənc xanəndə Vüsalə Musayevanın ifasında muğamlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR