Mirzə Fətəli Axundova həsr olunmuş “Sübhün səfiri” bədii filminin çəkilişləri başa çatıb

Mirzə Fətəli Axundova həsr olunmuş “Sübhün səfiri” bədii filminin çəkilişləri başa çatıb
# 14 iyun 2012 09:11 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə “Sübhün səfiri” bədii filmin çəkilişləri yekunlaşıb. Filmin quruluşçu rejissoru Ramiz Həsənoğlu APA-ya açıqlamasında deyib ki, film hazırda montaj prosesindədir və bu mərhələnin nə zaman başa çatması işdən asılıdır. Filmin əvvəldən nəzərdə tutulduğu proqram üzərində çəkildiyini bildirən rejissor qeyd edib ki, çəkilişlər ötən ayında 15-də başa çatıb: “Film haqqında bir söz deyə bilmərəm. Hər şey nəticədən asılıdır və hər bir kəs bu filmi ekranlarda görüb öz qiymətini verəcək. Düşünürəm ki, filmin təqdimatı payız aylarına təsadüf edəcək”.

“Sübhün səfiri” filminin çəkilişləri Azərbaycan, Gürcüstan və Türkiyədə aparılıb.
M. F. Axundovun həyat və yaradıcılığını əks etdirən filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur.

Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov, Axundovun həyat yoldaşı Tubu xanım obrazını Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova canlandırır. Eyni zamanda filmdə Aleksandr Şarovski, Yuri Balıyev, Məbud Məhərrəmov, Rafiq Əliyev və digər Azərbaycan aktyorları var. Filmin Türkiyə çəkilişlərində Fuad Paşa rolunda Ahmet Uz, Münir Əfəndi rolunda Altar Akişık, Namik Kamal rolunda Ahhan Şener, Yavər Şahin rolunda Türkiyədə yaşayan azərbaycanlı Vüqar Əliyev çəkilib.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR