Milanın Cuzeppe Verdi adına Konservatoriyasında italyan professorun layihəsi çərçivəsində Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib

Milanın Cuzeppe Verdi adına Konservatoriyasında italyan professorun layihəsi çərçivəsində Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib
# 17 iyun 2012 20:40 (UTC +04:00)
Bakı – APA. Milanın Cuzeppe Verdi adına Konservatoriyasında italyanlı professor Davide Qualtierinin musiqi və rəqs yaradıcılığı layihəsi çərçivəsində Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, konsertdə Konservatoriyanın xoru, “Art Performing” musiqi ansamblı və Milandakı “Azəri” mədəniyyət assosiasiyasının rəhbəri, azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərlik etdiyi “Orizon” rəqs ansamblı iştirak ediblər.

Konserti giriş sözü ilə açan professor D. Qualtieri klassik və müasir musiqisini, rəqsi özündə birləşdirən, improvizasiyaya əsaslanan layihəsindən danışıb, konsertin xüsusi olaraq Xocalı faciəsinə həsr edildiyini bildirib. O, Xocalının Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhər olduğunu və bu şəhərin tarixindən söhbət açaraq onun bir gecədə yer üzündən silindiyi barədə məlumat verib.

Sonra söz alan Azərbaycanın İtaliyadakı səfirliyinin birinci katibi Nigar Hüseynova XX əsrdə bir sıra xalqların öz tarixlərində faciəli səhifələr yaşadığını qeyd edib, Azərbaycanın da 80-ci illərin sonlarından qonşu Ermənistan tərəfindən elan olunmamış müharibə ilə üzləşdiyini bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsinin Xocalı soyqırımı olduğunu vurğulayaraq, bir gecədə yüzlərlə günahsız insanın ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyini, çoxsaylı insanın əsir götürülərək dözülməz zorakılıq və işgəncələrə məruz qaldığını, onlardan bir çoxunun itkin düşdüyünü qeyd edib.

Səfirliyin dəstəyi ilə təşkil edilmiş konsertdən sonra qonaqlara Azərbaycanla bağlı kitab və jurnallar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR