Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
# 18 iyun 2012 10:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Milli İncəsənət Muzeyində Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin açılışı iyunun 22-də olacaq. Sərginin keçirilməsində əsas məqsəd Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi üçün göstərdiyi xidmətlərin nümayişi və təbliğindən ibarətdir.

Realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması B. Kəngərlinin adı ilə bağlıdır. Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olub. Cəmi 30 il ömür sürən və 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapan B. Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. Rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Onun mənzərələrində təbiət gözəllikləri ("Şəlalə", "Dağlıq mənzərə", "İlanlı dağ ay işığında", "Günəş batarkən", "Ağrı dağı", "Köhnə qala", "Əliabad kəndində darvaza", "Yamxana kəndinə gedən yol" və s.), mədəniyyət abidələri ("Möminə xatın türbəsi", "Əshabi-kəhf dağı", "Nuhun qəbri"), ilin fəsilləri ("Payız", "Bahar") əks olunub.

B. Kəngərli 1918–1920-ci illərdə ermənilərin Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaradıb. Bu silsilədən olan "Qaçqınlar", "Qaçqın qız", "Qaçqın oğlan", "Qaçqın qadın", "Yurdsuz ailə", "Qaçqın Gümşün", "Ayaqyalın qaçqın oğlan" və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR