Moskvada “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası nümayiş olunub

Moskvada “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası nümayiş olunub
# 21 iyun 2012 10:08 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası nümayiş olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının truppası tərəfindən “El Setera” teatrının səhnəsində nümayiş etdirilir. Bu teatrın bədii rəhbəri tanınmış aktyor Aleksandr Kalyaqindir.

Tamaşanın nümayişində Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, görkəmli mədəniyyət xadimləri və Rusiyanın müxtəlif ictimai təşkilatlarının çox saylı nümayəndələri iştirak ediblər.

Tamaşadan öncə çıxış edən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Rus Dram Teatrının qastrol səfərini mühüm mədəni hadisə adlandırıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxışında teatrın keçdiyi yaradıcılıq yolundan danışaraq Azərbaycan Dövlət Rus Dram Teatrının bədii rəhbəri Aleksandr Şarovskinin bu teatrın formalaşmasındakı xüsusi rolunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tamaşanın nümayişi görkəmli Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim, maarifçi Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunub.

Quruluşçu rejissoru Alekasnr Şarovski olan tamaşanın geyim üzrə rəssamı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya rəssamı əməkdar rəssam Tahir Tahirov, quruluşçu rəssamı isə Nikita Sazonovdur. Tamaşada əsas rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və başqaları ifa ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR