Türkiyədə müalicə olunan Yaşar Nuri vətənə qayıdıb - FOTOSESSİYA

Türkiyədə müalicə olunan Yaşar Nuri vətənə qayıdıb - <font color=red>FOTOSESSİYA</font>
# 23 iyun 2012 18:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bir neçə aydır Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli Yaşar Nuri vətənə qayıdıb. APA-nın məlumatına görə, Heydər Əliyev Hava Limanında sənətkarın qızları Ülkər və Ülviyyə, qohumları və ən yaxın dostu xalq artisti Firəngiz Mütəllimova, yerli media nümayəndələri Yaşar Nurini qarşılayıblar. Sənətkarı hava limanında ayaq üstə görən çoxsaylı insanlar onu alqışlarla qarşılayıblar.
“Azərbaycanda olmaq, vətənə sağ və salamat qayıtmaq çox sevinclidir. Ən çox sevindiyim isə təyyarədən vətəni seyr etməkdir. Hər şey çox gözəlləşib”. Bu sözləri jurnalistlərə açıqlamasında Yaşar Nuri deyib. Hər bir kəslə ayrı-ayrılıqda görüşən aktyor, bir daha xəstələnmək istəmədiyini də media mənsublarına açıqlayıb: “Türkiyədə mənə çox yaxşı baxırdılar. Cahangir, Əlixan, Teymur yanıma tez-tez gəlirdilər. Firəngiz gün ərzində dörd dəfə zəng edirdi, üçünü görürdüm, sonuncusunu yox. İlk əməliyyatdan sonra özümü qorumadım, düzdür içmədim, amma siqaretdən vaz keçə bilmədim. İndi görək necə olacaq. Allahın işidir, amma istəyirəm xəstələnməyim, o da deyilənlərə riayət etsəm...”

May ayında Bakıda keçirilən “Eurovision 2012”ni də xatırlayan Yaşar Nuri, həmin dövrdə Türkiyədə qürurla gəzdiyini bildirib: “Eurovision dövründə başımı dik tutub gəzirdim, onsuz da elə gəzirəm, amma həmin dövrdə hamı Azərbaycandan danışırdı, fəxr edirdim. Azərbaycanı tanımaq olmur, hər şey çox yaxşıdır”. Uzun müddətli müalicədən sonra ayağa duran Yaşar Nuri, media mənsubları ilə söhbəti zamanı zarafatından da geri qalmayıb. Jurnalistlərin “Yaşar müəllim, bir daha xəstələnməyəcəyinizə vəd verirsinizmi?” sualına “sən tibb elmləri doktoru deyilsən?” deyərək cavab verib.

Jurnalistlərlə söhbətindən sonra Yaşar Nurini Hava Limanına gələn Təcili Tibbi Yardım maşını evinə aparıb. Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva APA-ya deyib ki, uçuş çox yaxşı olub: “Hazırda Yaşarı evə aparırıq. Növbəti həftə üçün Mərkəzi Gömrük Xəstəxanasında qan analizi verəcək. 40 gündən sonra isə müayinə üçün yenidən Türkiyəyə aparılacaq. Çox şükür Yaşar evinə sağ və salamat qayıdıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR