Tiflisdə “Azərbaycan kinosunda gürcü aktyorları” mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Tiflisdə “Azərbaycan kinosunda gürcü aktyorları” mövzusunda tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2012 23:54 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə açaraq Azərbaycan və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə keçirilən belə tədbirlərin dostluq və qardaşlıq əlaqələrini daha da dərinləşdirdiyini bildirib: “Bizim qardaş və dost ölkədə bir sıra mədəni və infrastruktur sahələrə aid layihələrimiz həyata keçirilir. ARDNŞ xüsusilə belə mədəni layihələri dəstəkləyir və kommersiya fəaliyyətində belə məzmunlu layihələrə böyük diqqət yetirir. Bu layihələrin məqsədi hər iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha möhkəmləndirməkdir. Bu layihəyə görə biz ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədova təşəkkürümüzü bildiririk. Tiflis Azərbaycan teatrının dahilərinin anadan olduğu və fəaliyyət göstərdiyi məkandır. Azərbaycan incəsənəti buradan pərvazlanıb. Biz azərbaycanlılar Azərbaycan kinosunda iştirak edən və mənalı rollar yaradan gürcü aktyorlarını çox sevirik”.

Sonra tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ARDNŞ-in həmişə incəsənətə dəstək verəcəyini bildirib.

Sonra tədbiri gürcü kino tənqidçisi Paata İakaşvili aparıb. O, çıxışında gürcü kinosunun Azərbaycanda anadan olduğunu bildirib. “Burada Vasili Amaşukeli özünün qısametrajlı filmlərini çəkib. O, bu filmlərdə neft sənayesini çəkib və bir müddət bu filmlər itib. Amma sonradan Azərbaycan tərəfi bu filmləri böyük məhəbbətlə bərpa edib bizim arxivlərə hədiyyə etdi. Buna görə biz Azərbaycan kinematoqrafçılarına təşəkkürümüzü bildiririk”.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə iki günlük tədbirdə iki Azərbaycan filmi olan “Ad günü” və “Sahə” filmlərinin nümayiş ediləcəyini bildirib. “Əhməd haradadır?” filmində “Ceyran” rolunun qəhrəmanı, Gürcüstanın xalq artisti Nana Paçuaşvili çıxış edərək Azərbaycan kinematoqrafiyası ilə bağlı xatirələrini söyləyib: “Mənim çəkildiyim film bu gün Azərbaycanda tarixi əsərdir. Burada görkəmli adamlar çəkilib. Mən Azərbaycan xalqını, onun incəsənətini, Bakını çox sevirəm. Sağ olun ki, sizin hamınız azərbaycanlısınız. Biz sağ olaq ki, biz də gürcülərik. Düşünürəm ki, bizim dostluğumuz əsrlərlə davam edəcək”.

Tədbirdə “Sahə” filminin rejissoru İlqar Safat, “Ad günü” filmində baş rolda çəkilən gürcü aktyoru David Uplisaşvili, kinoşünas Niko Maxarişvili, “İnter Media” şirkətinin prezidenti David Absaladze və başqaları çıxış edərək Azərbaycan və gürcü kinosunun tarixindən və inkişafından, gələcəkdə kino sənətinə göstəriləcək dəstəkdən söhbət açıblar.

Sonra “Vera Palas” otelində Azərbaycan rejissoru Rasim Ocaqovun çəkdiyi “Ad günü” filmi nümayiş olunub. Kinoda əsas rollarda azərbaycanlı aktyor Hacı İsmayılov və gürcü aktyoru David Uplisaşvili oynayıb. Tədbir zamanı foyedə gürcü aktyorlarının iştirak etdiyi Azərbaycan kinolarından foto-materialların sərgisi də təşkil edilib.

Kinorejissor və kinoşünas Ayaz Salayev jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan kinematoqrafçıların sıx əməkdaşlıq etdiklərini və bu əməkdaşlığın dərin tarixi kökləri olduğunu bildirib: “Bu tədbir dərin və qədim bədii ənənələri olan bir faktın mənalı bir təcəssümüdür. Azərbaycan və Gürcüstan kinematoqrafiya sahəsində əməkdaşlığın ən başlıca cəhəti və dəyəri ondan ibarətdir ki, bu əməkdaşlıq haradansa yuxarıdan gətirilməyib. Bu içəridən, daxildən gəlib. Məsələn, Azərbaycan rejissorları gürcü aktyorlarını kinomuza dəvət etməyə heç kim məcbur eləmirdi. Bu, hansısa bir daxili doğmalığın, yaxınlığın bir ifadəsi idi və bu ənənə mənə elə gəlir ki, indi davam etməkdədir. İndi də filmlər çəkilir, indi də gürcü aktyorları dəvət olunur, əməkdaşlıq gedir. Mənə elə gəlir ki, bu gələcəkdə öz təhlilini tapmalıdır. Bu haqda yüz faiz bilirəm ki, elmi işlər də yazılacaq. Gürcü aktyorlarının zahiri görünüşü Azərbaycan tamaşasına çox doğma görünür. Gürcüstanda “Əli və Nino” romanı çox populyar əsərdir və hamı onu oxuyub. Bu onu göstərir ki, Cənubi Qafqazda bu tədbir o tədbirlərdən biridir ki, bizim əməkdaşlığımız və dostluğumuz mənə elə gəlir ki, gələcəkdə ölkələrimiz üçün müsbət nəticə verəcək”.

Gürcüstanın əməkdar artisti, Ş.Rustaveli adına teatrın aktyoru David Uplisaşvili APA-ya açıqlamasında bu gün doğma şəhəri Tiflisdə onun çəkildiyi “Ad günü” filminin nümayiş edildiyini və bundan çox sevindiyini bildirib: “Mən taleyimə çox minnətdaram ki, “Ad günü” filmində rol oynamışam və böyük rejissor Rasim Ocaqov, ssenariçi Ruslan İbrahimbəyovla birlikdə çəkilişdə iştirak etmişəm. Həmişə bu çəkilişləri xoş xatirə kimi xatırlayıram. Mənə xoşdur ki, məni Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görüblər. O günləri həmişə şirin xatirə kimi xatırlayıram. O günlərdən təqribən 20-25 il keçib. Onda gənc idim. Yenidən çəkilmək istərdim. Mən gözəl Bakını sevirəm. Məni Bakıda tanıyırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR