Alim Qasımov Harvard Universitetində çıxış edəcək

Alim Qasımov Harvard Universitetində çıxış edəcək
# 23 noyabr 2007 10:30 (UTC +04:00)
Noyabrın 26-30-da ABŞ-da “Silk Road” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanına həsr olunmuş silsilə tədbirlər keçirəcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, tədbirlər çərçivəsində noyabrın 26-da Kembricdəki “New College Theatre”da etnomusiqiçi, müəllim və “Fullbright” təqaüdçüsü, elmlər doktoru Aida Hüseynova tərəfindən “Azərbaycan muğamının yenidən doğuluşu və yenidən kəşfi” mövzusunda təqdimat keçiriləcək. Noyabrın 29-30-da isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1908-ci ildə bəstələdiyi “Leyli və Məcnun” operasından parçaların səsləndirilməsi nəzərdə tutulub. Məcnunun ariyalarını muğam ustası Alim Qasımov, Leylinin ariyalarını isə Fərqanə Qasımova ifa edəcək. Muğam üçlüyünə həmçinin Ələsgər Məmmədov (tar) və Rauf İslamov (kamança) daxildirlər. Konsert “Silk Road” ansamblının müşayiəti ilə baş tutacaq. Tədbirin keçirilməsi Harvard İncəsənət ofisi və Musiqi Departamentinin, eləcə də Villekroz (Villecroze) Musiqi Akademiyasının dəstəyi sayəsində mümkün olub. Harvard Universitetinin Artur Sakler Muzeyində isə 2008-ci ilin fevralına kimi “Leyli və Məcnun” dastanının 1500-1850- ci illərdə Şərq təsviri sənətində əksinə dair sərgi təşkil olunacaq. Ansamblın banisi və bədii rəhbəri Yo-Yo Ma bildirib ki, 2008-ci ildə Üzeyir Hacibəyovun “Leyli və Məcnun” operasını bəstələməsinin 100 illiyi tamam olur və buna görə də bu qədim əhvalatı daha geniş auditoriyaya çatdırmağı özünə borc bilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR