İzmir. Etibar Məmmədov - APA. Türkiyənin İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun ikinci toplantısı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən ASİMDER başqanı Göksel Gülbəy bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və erməni iddialarına qarşı mübarizə türklərin əsas vəzifələrindəndir və bu istiqamətdə çalışan insanların sayı artmalıdır: "Çünki qarşımızda çox güclü erməni lobbisi var. Ona görə də biz səsimizi dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün bu forumu yaratdıq. Bu iş həm türk dünyasına, həm də Dağlıq Qarabağ probleminin həllinə yardım edəcək. Ancaq birlikdə hərəkət etsək, bu işə ciddi bir şəkildə yanaşsaq, uğur əldə edə bilərik. Eyni zamanda milli məsələlərdə aramızda olan çəkişmələri də bir kənara qoymalıyıq".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllində türk dünyasının həmrəylik nümayiş etdirməli olduğunu qeyd edib. O, forumun fəaliyyət mexanizminin müəyyənləşməsi istiqamətində də müəyyən təkliflər səsləndirib.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov qeyd edib ki, forumun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyəti var: "Təklif edirəm ki, forumun daimi nümayəndəliyi Bakıda olsun, ancaq təşkilata üzv dövlətlərdə isə nümayəndəliklər açılsın. Hesab edirəm ki, gələcəkdə Qarabağ probleminin həlli istiqamətində fəaliyyət göstərən təşkilatlarla birgə iş mexanizminin hazırlanmasına da ehtiyac var".
Sonra foruma İran, Bolqarıstan və Rusiyadan yeni üzvlər seçilib, forumun baş katibliyinin daimi ofisinin Bakıda olması qərara alınıb.
Sonda forum adından qətnamə qəbul edilib.