Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb
# 23 avqust 2023 14:25 (UTC +04:00)

Avqustun 23-də görkəmli kinoaktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür.

APA xəbər verir ki, bu münasibətilə II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub. Mədəniyyət Nazirliyinin nümayəndələri, kino ictimaiyyəti və ailəsi sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər.

Sənət dostları görkəmli aktyor və rejissorla bağlı xatirələrini bölüşüblər. Şahmar Ələkbərovun aktyor və rejissor kimi Azərbaycan kinosunda qoyduğu izdən söz açıblar.

Xalq artisti Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub.

Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib.

Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

Şahmar Ələkbərov aktyor karyerasına “Dağlarda döyüş” filmdə başlayıb. O, Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi yaddaqalan obrazlar yaradıb.

Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olub. Sonra "Sahilsiz gecə"ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan" filmi də uğurlu alınıb.

Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR