Əbülfəz Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb - FOTO

Əbülfəz Qarayev TÜRKSOY-un baş katibi ilə görüşüb - <span style="color: red;">FOTO
# 06 may 2013 15:17 (UTC +04:00)

Bakı – APA. Mayın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşüb. Nazirlikdən APA-ya verilən məlumata görə, baş katib mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qazax bəstəkarı, Qazaxıstanın dövlət mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin "Alpamıs" operasının premyerası münasibətilə Bakıya gəlib. Opera türkdilli ölkə bəstəkarlarının ən yaxşı opera tamaşaları ilə bağlı TÜRKSOY-un xüsusi layihəsi çərçivəsində təqdim olunur.

Əbülfəs Qarayev Azərbaycanın TÜRKSOY-la əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, türkdilli ölkələrlə qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. Azərbaycan opera sənətinin şah əsəri olan "Koroğlu" operasının türkdilli ölkələrdə səhnəyə qoyulmasının əhəmiyyətini qeyd edən nazir, dahi Üzeyir Hacıbəylinin bu ölməz əsərinin İtaliya səhnəsində də oynanılması üçün təşəbbüs göstərildiyini diqqətə çatdırıb.


May ayının sonunda Bakıda keçiriləcək İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonağa məlumat verən Ə. Qarayev onu tədbirdə iştiraka dəvət edib.

D. Kaseinov isə qazax bəstəkarının operasının Bakı premyerasının uğurla gerçəkləşməsindən məmnunluğunu ifadə edib: "Operanın premyerasının Bakıda keçirilməsi böyük bir hadisədir. Təəssüf ki, əsərin müəllifi bu yaxınlarda dünyasını dəyişdi və belə beynəlxalq səviyyəyə layiq təşkil olunan tamaşanı görməyə ömrü vəfa etmədi. Premyeranın uğurla keçirilməsinə görə Azərbaycanın prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə, Opera və Balet Teatrının rəhbərliyinə Qazaxıstan rəhbərliyinin və TÜRKSOY-un adından dərin minnətdarlığımı bildirirəm. Belə layihələr xalqlarınızı yaxınlaşdırır və bizləri bir-birimizin mədəniyyəti, musiqisi ilə yaxından tanış edir".

TÜRKSOY-un baş katibi ümidvar olduğunu bildirib ki, bu yöndə əlaqələr daha da inkişaf edəcək və türkdilli ölkələrin mədəniyyəti qardaş ölkələrdə daima təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR