Xalq artisti Hacı İsmayılov: “Sənət adamı məişət səviyyəsinə düşməməlidir” - MÜSAHİBƏ

Xalq artisti Hacı İsmayılov: “Sənət adamı məişət səviyyəsinə düşməməlidir” - <span style="color: red;">MÜSAHİBƏ
# 21 iyun 2013 09:16 (UTC +04:00)

“Teatr səhnəsinə gələndən rol davası etməmişəm”

Bakı. Turan Şakir – APA. Azərbaycanın xalq artisti Hacı İsmayılovun APA-ya müsahibəsi

- Hacı müəllim, necəsiniz?

- Özümü çox yaxşı hiss edirəm. Ən əsası gümraham. Ümumiyyətlə, aktyorlar gərək həmişə formada olsun. Formadan düşəndə aktyorluq zəifləyir, performans aşağı düşür. Aktyorluq sənətinin idmanla uyğunluğu var. Çünki idmançıda olan çeviklik səhnədə aktyora da lazımdır. Ona görə də çalışmaq lazımdır ki, həmişə formada olasan.

- Bəs sizin tanıdıqlarınız arasında formadan düşmüş aktyorlar varmı?

- Bilirsiniz, teatr sənəti böyük sevgidir, məhəbbətdir. Əgər nə vaxtsa həmin sevgi bitirsə, yox olursa, demək, iş də itəcək. Bundan əlavə, insan öz dəyərini itirəcək. Bəlkə ola bilər ki, hansısa aktyor yaşı ilə əlaqədar formadan düşüb. Amma buna şərait yaratmaq olmaz. Aktyor gərək daim baxımlı, formada olmalıdır.

- Hansı obrazınızı şedevr hesab edirsiniz?

- Rollarım çox olub. Deyə bilmərəm ki, hansı şedevrdi, hansı yox. O rolların hamısı mənim üçün əzizdir. Cavanlığımda işim daha çox olurdu. Məncə, elə ən yaddaqalanları da həmin obrazlardı. Ümumiyyətlə, mən rolu oynamaq, ifa etmək fikirlərini sözlərini qəbul etmirəm. Musiqiyə oynayarlar, şeiri ifa edərlər, amma obrazı yaşamaq lazımdır. Çalışmışam ki, obrazları yaşayım. Hansı bir filmdə hansı bir tamaşada obrazı yaşamışamsa, demək, o alınıb və tamaşaçılar tərəfindən də maraqla qarşılanıb, sevilib.

- Yaradıcı insan olaraq insanlardan uzaq gəzməyiniz sizə problem yaratmayıb ki?

- Əksinə, mən cavanlıqda da, indi də insanlarla çox sıx münasibətdə olmuşam. Mən tənhalığı sevməyən bir insanam. Cəmiyyətdən kənarda olmaq, ictimai həyata qarışmamaq insanı passivləşdirir. Mən belə şeylərdən uzaq olmağa çalışmışam həmişə. İnsanın insan olmaqdan başqa vəzifəsi yoxdur. Mən də həmişə insan olmağa çalışmışam. Fikrimcə, sənət adamı məişət səviyyəsinə düşməməlidir.

- Uzun illər teatr, kino sahəsində çalışmış insan kimi deyə bilərsinizmi, niyə Azərbaycandan dünya şöhrətli aktyorlar çıxmayıb? Buna şərait yoxdur, yoxsa həqiqətən bizdə elə istedadlı aktyorlar yoxdur?

- Sənətkarın parlaması üçün daha çox şərait lazımdır. Mən deməzdim ki, Azərbaycanda elə istedadlı aktyorlar yoxdur. Şərait dedikdə ev, maşın kimi şeyləri nəzərdə tutmuram. Aktyorun işi davamlı olmalıdır. Azərbaycanda aktyor sənətində daimilik yoxdur. Yəni bir rolu oynayıb illərlə gözləmək ki, yeni rol olacaq, bununla irəli getmək olmaz. Çünki aktyor hər dəfə yeni rol alanda, onun üzərində işləyəndə inkişaf edir, təcrübəsi artır. Amma bizdə daimilik olmadığına görə fasilə əmələ gəlir. Bu da aktyorun passivləşməsinə və aktyorluq keyfiyyətlərinin itirilməsinə səbəb olur. Aktyor üçün həmişə iş olsa, inkişaf olar.

- Azərbaycanda son çəkilən hansı filmləri görmüsünüz?

- Düzünü desəm, onların heç birini görməmişəm. Amma bilirəm ki, hər il dövlət hesabına filmlər çəkilir. Bunun üçün müəyyən vəsaitlər ayrılır, çəkilişlər aparılır. Bəlkə bir dəfə haradasa nümayiş də olunur. Amma tamaşaçıların diqqətindən kənarda qalır. Bunun səbəbini isə bilmirəm. İnsanlarla görüşdə həmişə köhnə filmlərdən danışırlar, yəqin ki, təzə filmləri görsələr, onlardan danışarlar. Mənim fikrimcə, kino şərait və imkan etibarilə teatrdan daha geniş fürsətlərə malikdir. Kino imkan verir ki, aktyorun bir çox xüsusiyyətləri açılsın. Ona görə kino yaradıcılığının inkişafı da çox uğurlar gətirə bilər.

- Bəs sizin özünüzün çəkildiyiniz elə film varmı ki, efirdə göstərilməyib, tamaşaçı onu görməyib?

- Əslində mənim yeni çəkilən filmlərim çox azdır. Mən iki dəfə “Mosfilm” kinostudiyasının çəkdiyi filmlərdə iştirak etmişəm. Yəni onlar gəlib burada çəkmişdilər və bu da onlara məxsus olduğu üçün mən bir şey deyə bilmirəm. Ola bilsin ki, tamaşaçı o filmlərin diskinə baxsın.

- Aktyor kimi sizi o filmlərin taleyi maraqlandırmır?

- Yox, niyə maraqlandırmır ki? Maraqlandırır. Amma aktyorun işi filmə çəkilmək və öz işinin öhdəsindən yaxşı gəlməkdir. O ki qaldı filmin təbliğinə, o, mənlik olan məqam deyil.

- Aktyorların əksəriyyətinin əsas problemi rol bölgüsü məsələsidir. Bəs siz necə, rol bölgüsündən razısınızmı?

- Aktyor sənəti bir az asılı sənətdir. Mən həmişə deyirəm ki, rəssam, heykəltəraş, bəstəkar olmaq daha yaxşıdır nəinki aktyor. Çünki onlar heç kimdən asılı deyil, ürəkləri istədiklərini azad şəkildə yaradırlar. Amma aktyora gərək ürəyindən keçən rolu versinlər ki, nəyisə yarada bilsin. Verməsələr, necə yaratmaq ola axı? Axı bir rejissor müəyyən bir tamaşanı hazırlayır və orada filan aktyoru görmək istəyirsə, onunla dava etmək olmaz ki. Aktyor özü çalışmalıdır ki, rejissorlar onunla işləsin, rol versin. Buna meyl etmək, bu istiqamətdə iş görmək lazımdır. Mən teatr səhnəsinə gələndən rol davası etməmişəm. Bunun üçün heç kimə də müraciət etməmişəm. Rejissorlar istər kino, istərsə də teatrda həmişə özləri mənə rol təklif ediblər. Mən də mənə veriləni yüksək səviyyədə yerinə yetirməyə çalışmışam.

- Ürəyinizdə qalan rol olubmu? İstəmisiniz, amma təklif olunmayıb?

- Cavanlıqda olub. Adam istəyib ki, hansısa bir rolu ifa etsin. Amma yenə deyirəm, bu məsələdə əsas rejissorun təklifidir. Hələ ki, yorulmamışam, bezməmişəm, səhhətim də yerindədir, yaratmağa davam etmək istəyirəm. Əgər təkliflər olarsa, mütləq dəyərləndirməyə çalışacağam.

- Necə düşünürsünüz, niyə Azərbaycanla bağlı böyük layihələrin gerçəkləşdirilməsində daha çox xarici rejissorların işlərindən istifadə edirlər? Azərbaycanda rejissor işini necə dəyərləndirirsiniz?

- Azərbaycanın teatr və kino sahəsində elə görkəmli rejissorlar olub ki, onlara həqiqətən xarici ölkələrdə qibtə edənlər olub. İndi də var. Sadəcə, indi zaman və dövr dəyişib, hər şeyə yenidən başlamaq lazımdır. Artıq tamaşaçını aldatmaq olmur. İndi yeni fikirlər, ideyalar, anlayışlar lazımdır ki, tamaşaçı bunu hiss etsin və özünə lazım olanı seçsin ki, teatra, tamaşaya, kinoya gəlsin. Sovet dövründə də xaricdən operatorlar, rejissorlar dəvət olunurdu. Burada qəbahət heç nə yoxdur. Biz bunun bəhrəsini indi də görməsək, gələcəkdə mütləq görəcəyik.

- Teatrlarda tamaşaçı qıtlığının günahı kimdədir?

- Bu sualı cavablandırmadan öncə 50-60-cı illəri yada salıb deyə bilərəm ki, həmin dövrdə insanların evlərində kompüter, telefon, televizor yox idi. Elə ona görə də insanlar istirahət etmək, mənəvi qida almaq üçün teatrlara, kinolara üz tuturdular. Onda teatrın dəyəri də, qiyməti də var idi. İndi isə gənclər telefonlarla, kompüterlərlə o qədər yaxınlaşıblar ki, onları tamaşalara gətirmək problem halına gəlib. Etiraf edirəm ki, Azərbaycanın bütün teatrlarında tamaşaçı qıtlığı var. Bunun üçün də müəyyən axtarışlar aparılmalı, maraqlı işlər görmək lazımdır. Hər hansı bir malı istehsal edəndə gərək onun satılmasını da fikirləşəsən. Yəni yüz ölçüb bir biçəsən. Ola bilsin ki, bizimkilər bu məsələdə yüz yox, əlli dəfə ölçürlər.

- Deyirlər insanlar öz işlərini itirməmək üçün haqsızlığa susurlar. Siz teatrda heç belə hallarla rastlaşmısınız?

- Əvvəla, doğru sözü demək lazımdır. Əksinə, ikiüzlülük bir şey deyil. İllah ki, sənətdə bu tamam başqa cür olmalıdır. Əgər bir şey yaxşıdırsa, demək, yaxşıdır, pisdirsə, yaxşılaşdırmaq üçün tədbir görmək lazımdır. Sabirin çox gözəl bir sözü var: “Çalxalandıqca, dolandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxar, ayranı ayranlıq olar”.

- Azərbaycanda çəkilən yeni seriallarda niyə yoxsunuz?

- Serialların olması yaxşıdır. Amma bu iş bizdə yeni olduğu üçün təkmilləşməyə, yerini tutmağa ehtiyacı var. Mən seriallara baxmıram. Ona görə yox ki, bəyənmirəm, sadəcə, vaxtım yoxdur. Həm çəkilməməyimə də o qədər qısqanc yanaşmıram. Düzünü desəm, elə bir təklif də almamışam. Mən o seriala çəkilərəm ki, orada mənim rolumun əvvəli və axırı olsun. Amma çəkilmək xətrinə iki-üç seriyada yer almaq mənlik deyil.

- Düşünürsünüz ki, bu, aktyoru qiymətdən salır?

- Əlbəttə. Bu baxımdan mənim öz şərtlərim var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR