İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalı həbsdən evə buraxılıb

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalı həbsdən evə buraxılıb
# 05 sentyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi 10 günlük evə buraxılıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, ailəsindən bildirilib ki, Qədiminin səhhətində problem yoxdur və 3 gündən sonra Qum şəhərindəki “Ləngəvud” həbsxanasına qayıdacaq.

Qeyd edək ki, Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu isə İranda dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunur. Bu səbəbdən iki il öncə Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib.

Mayın 2-də isə onun barəsində 1 illik həbs qərarı verilib. Qədimi milli, irqi və sosial düşmənçilik salmaqda təqsirləndirilir. Avqustun 12-də isə ona qarşı daha bir ittiham irəli sürülüb. Təbriz İnqilab Məhkəməsinin həmin gün keçirilən hazırlıq iclasında onun dövlət quruluşuna qarşı fəaliyyət göstərdiyi elan olunub. Növbəti prosesin vaxtı hələlik məlum deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR