İran XİN başçısının müavini: “Xəzərin hüquqi statusu ilə bağlı problemin 70 faizi həll edilib” - MÜSAHİBƏ

İran XİN başçısının müavini: “Xəzərin hüquqi statusu ilə bağlı problemin 70 faizi həll edilib” - <font color=red>MÜSAHİBƏ </font>
# 19 aprel 2010 22:28 (UTC +04:00)
Tehran. Süleyman Fərzəliyev-APA. İran İslam Respublikası xarici işlər nazirinin müavini Ramin Mehmanpərəstin APA-ya eksklüziv müsahibəsi

- İran Azərbaycan münasibətlərinin hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Azərbaycan bizim qonşu ölkədir, bu dövlətlə əməkdaşlıq etmək bizim üçün yüksək əhəmiyyət kəsb edir. Bizim tarixi və mədəni dini bağlılığımız var. İran və Azərbaycan əhalisinin çoxunun bir-biri ilə qohumluq əlaqələri var. Biz iki ölkəni bir-birindən ayrı hesab etmirik. Biz çalışırıq ki, iki millətin inkişafı və əlaqələrinin daha da yaxşılaşması zəminində yeni layihələr üzərində işləyək. Eləcə də region ölkələrinin inkişafı bizim işimizin əsas qayəsidir. Ümid edirəm ki, iki ölkənin dövlət rəhbərlərinin sıx əlaqəsi ilə bu əməkdaşlığı bundan sonra da həyata keçirəcəyik.

- İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa addımları, təşəbbüsləri ola bilərmi?

-İran İslam Respublikası regiondakı qarşıdurmaların, ümumiyyətlə, dövlətlərin inkişafına zərər gətirəcək hər bir amilin aradan qaldırılmasının tərəfdarıdır. Biz əməkdaşlığımızın nəticəsində bu problemləri aradan qaldıracağımıza, müsbət nəticə əldə edəcəyimizə inanırıq. İran regionda olan problemlərin həllinə cəhd göstərir. Biz Azərbaycanla Ermənistan arasındakı münaqişənin başa çatmasını istəyiriksə, onu yaradan səbəbləri aradan qaldırmalıyıq. Adətən regionlarda qarşıdurma ətraf ölkələrin müdaxiləsi nəticəsində baş verir. Nəticədə də bütün bölgə ölkələrinin mənafeyi təhlükədə olur. Biz Ermənistan, həmçinin Azərbaycanla olan əlaqələrimizdən istifadə edərək, münaqişənin həllinə töhfə verməyə çalışırıq. Bu, bizim iş palanımıza daxildir. Əgər regionda sülh və sabitlik hakim olmasa, inkişafdan danışmaq mümkün deyil.

- Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar hansı mərhələdədir?

- Xəzər dənizi ilə bağlı məsələ 5 ölkə arasında aparılır. Xəzərsahili ölkələrin rəhbərlərinin birgə səyi nəticəsində bu məkanı sülh və dostluq məkanına çevirmək olar. Xəzərin imkanlarından 5 ölkənin xeyrinə istifadə etmək mümkündür. İndiyədək aparılan danışıqlar nəticəsində biz problemin 70 faizini həll edə bilmişik. Razılaşdırılmış məsələlər hər 5 ölkə tərəfindən də qəbul edilib. Artıq işçi qrupları deyil, xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmasına ehtiyac var. Xəzəryanı ölkə liderlərinin Tehranda keçirilən görüşü çox əhəmiyyətli oldu. Növbəti iclas Bakıda olmalıdır. Burda da fikir mübadiləsi və müzakirələr aparılacaq. Hazırda biz onun prоtоkol hazırlıqlarına başlamışıq. Bu iclasdan çox şey asılıdır, ümid edirəm ki, yaxın zamanlarda bu iclas baş tutacaq və öz faydasını verəcək.

- İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi olan Mehdi Səfəri Çinə səfir təyin olunub. Onun vəzifəsini kim icra edəcək?

- Hələlik bu vəzifəni Mehdi Səfəri yerinə yetirir. Amma İran XİN yeni təyinat üzərində də düşünür.

- Azərbaycanlı alim Rəşid Əliyev İranda həbs olunub. Siz bu həbs barədə nə deyə bilərsiniz?

- Bu məsələ məhkəmənin səlahiyyətinə aiddir. Düşünürəm ki, azərbaycanlı alim Rəşid Əliyevin burda həbs edilməsi siyasi məsələ deyil. Əgər siyasi bir məsələ olsa, onda Xarici İşlər Nazirliyi bu işlə yaxından məşğul ola bilərdi.

- Rəşt-Qəzvin-Astara dəmir yolu xəttinin çəkilişi məsələsi nə yerdədir?

- Rəşt-Qəzvin-Astara dəmir yolu xətti bizim üçün çox əhəmiyyətlidir. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə də İran, Türkmənistan və Qazaxıstan arasında dəmir yolu xəttinin çəkilməsi barədə razılığa gəlinib və hazırda bu istiqamətdə işlər gedir. 2011-ci ildə bu dəmir yolu xətti başa çatmalıdır. Türkmənistanda çəkiləcək bu xəttin inşasının yarısını İran şirkətləri həyata keçirəcək. Rəşt-Qəzvin-Astara dəmir yolu xəttinin fəaliyyətə başlaması region ölkələrinin qarşılıqlı əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

- İrana olan sanksiyalar və təzyiqlər qarşısında nə etmək fikrindəsiniz?

- Bir ölkə öz hüquqlarını qorumaq üçün bütün çətinliklərə qatlaşmalıdır. Dünyada müsəlman ölkələrinin inkişafını istəməyənlər çoxdur. Biz isə bunun əksinə olaraq bir-birimizlə dostluq və dəstək olmaqla inkişaf etməliyik. Nüvə məsələsinə görə İranı çox ittiham edirlər. Bunların hamısı böhtandır. Bizi gələcəkdə atom bombası istehsal etmək ehtimalı ilə qınayırlar. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri dəfələrlə İrana gəlib, yoxlama aparıblar. Agentliyin rəhbərliyi 21 dəfə İranda atom silahının olmaması barədə açıqlama verib. İrana qarşı olan sanksiyaları siyasi məsələ hesab edirik. Bunlar hüquqi çərçivəyə sığmır. Amma İran heç bir təzyiq və sanksiyadan qorxmur, sonadək öz hüquqlarını müdafiə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR