İran prezidenti rejissor Cəfər Pənahi barədə çıxarılan məhkəmə hökmündən narazı olduğunu bəyan edib

İran prezidenti rejissor Cəfər Pənahi barədə çıxarılan məhkəmə hökmündən narazı olduğunu bəyan edib
# 19 yanvar 2011 10:35 (UTC +04:00)
Bakı-APA. İran prezidenti Mahmud Əhmədinejad iranlı rejissor Cəfər Pənahiyə antohökumət təbliğatı apardığı üçün çıxarılan hökmdən narazılığını bildirib. APA-nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, İran prezidentinin narazılığına səbəb olan məqam rejissora 20 il peşə fəaliyyəti ilə məşğul olmaq qadağasının qoyulmasıdır. Bu qadağa həmçinin ssenari yazmağa, xarici ölkələrə səfər etməyə, mətbuatla əlaqə saxlamağa da şamil edilib. Bundan başqa rejissor altı il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, Cəfər Pənahi ötən ilin martında ailə üzvləri və daha bir neçə nəfərlə birlikdə həbs olunub. Daha sonra saxlanan şəxslərin böyük əksəriyyəti azadlığa buraxılıb. Cəfər Pənahi isə may ayında 200 min dollar girov müqabilində azad edilib. Ona qarşı irəli sürülən ittihamlardan biri 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlar barədə film çəkməsidir. Rejissora dekabrda hökm oxunub. Onunla birlikdə digər bir rejissor – Məhəmməd Rəsulov da mühakimə olunub. Pənahiyə hökm oxunduqdan sonra Stiven Spilberq, Martin Skorseze, Enq Li və Oliver Stoun kimi məşhur rejissorlar onun müdafiəsinə qalxıblar. Xatırladaq ki, Cəfər Pənahinin çəkdiyi filmlər dəfələrlə Kann, Venesiya və Berlin kinofestivallarında mükafatlara layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR