Yəməndə də hakimiyyətə qarşı xalq etirazları başlayıb

Yəməndə də hakimiyyətə qarşı xalq etirazları başlayıb
# 27 yanvar 2011 11:52 (UTC +04:00)
Bakı – APA. Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır.

Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb.

Yəmən ən yoxsul ərəb ölkəsidir. Ölkədə işsizliyin səviyyəsi 35 faizdir. Əhalinin 40 faizindən çoxunun gündəlik gəliri 2 dollardan azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR