Suriya internet resurslarında inqilaba hazırlıq başlayıb

Suriya internet resurslarında inqilaba hazırlıq başlayıb
# 03 fevral 2011 12:19 (UTC +04:00)
Bakı-APA. Suriyanın internet saytlarında hakimiyyətə qarşı kütləvi aksiyalara çağırışlarla bağlı materiallar yerləşdirilib. APA-nın məlumatına görə, təşkilatçılar aksiyalara hazırlıq üçün Facebook və Twitter sosial şəbəkələrindən istifadə edirlər. Facebookda açılan “Qəzəb günü” səhifəsində artıq 13 min nəfərdən çox suriyalı qeydiyyatdan keçib. İnternet istifadəçiləri vətəndaşları fevralın 4-də Suriya parlamentinin qarşısına toplaşmağa və avtoritar hakimiyyətə, korrupsiyaya və kasıblığa qarşı etirazlarını ifadə etməyə çağırırlar. Vətəndaşlar həmçinin ölkədə 1963-cü ildən bəri tətbiq olunan və insanların hüquq və azadlıqlarını məhdudlaşdıran fövqəladə hal rejiminin ləğv olunmasını tələb etməyə hazırlaşırlar. Bununla belə Suriyada digər ərəb ölkələrində baş verən hadisələrin təkrarlanması ehtimalı çox azdır. Belə ki, aksiya tərəfdarı olan və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən şəxslərin böyük əksəriyyəti xarici ölkələrdə yaşayan Suriya vətəndaşlarıdır. Bundan başqa müşahidəçilər Suriyada Tunis və Misirdə olduğu kimi hakimiyyətə qarşı güclü nifrətin olmadığını bildirirlər. Suriya prezidenti Bəşər Əsəd yaxın zamanlarda ölkədə köklü dəyişikliklərin başlayacağına söz verib. Prezident bildirib ki, əhalinin aztəminatlı təbəqəsinə 4 milyard dollar subsidiya ayıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR