Əli Əsgər Sultaniyə: “İran uranın zənginləşdirilməsini davam etdirəcək”

Əli Əsgər Sultaniyə: “İran uranın zənginləşdirilməsini davam etdirəcək”
# 07 iyun 2012 03:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İyunun 6-da Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin İranın mübahisəli nüvə proqramına həsr olunmuş yığıncağı başa çatıb. APA-nın məlumatına görə, toplantıda İranla bağlı heç bir qətnamə qəbul olunmayıb. Yığıncaqda Qoşulmama Hərəkatına üzv yüz ölkənin İranın nüvə proqramını dəstəkləyən bəyanatı oxunub. İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib ki, uranın zənginləşdirilməsi tərəfdar olduqları razılaşmalardan qaynaqlanan bir haqdır: “Ona görə də İran uranın zənginləşdirilməsini davam etdirəcək. Özü də İran nüvə obyektlərində ehtiyac duyduğu qədər və yalnız yanacaq əldə etmək məqsədilə uran zənginləşdirir. Bunun bir qramını belə hərbi məqsəd üçün istifadə etmirik”. O deyib ki, İranla AEBA arasında keçirilən müzakirələrin müsbət nəticələnəcəyinə ümid edir: “AEBA texniki bir təşkilatdır. Problemləri həll etmək üçün siyasi iradə göstərəcəyimizə qərar vermişik. Mayın 21-də AEBA-nın icraçı direktoru Yukiya Amano ilə Tehranda əldə olunmuş razılaşmaya uyğun olaraq hazırlanan “Struktur yanaşması tətbiqi” sənədi üzərində işlər davam edəcək”. Ə. Sultaniyə vurğulayıb ki, AEBA ABŞ və İsraildən aldığı qeyri-dəqiq məlumatlara söykənərək hesabat hazırlayıb: “Peyk görüntülərində İranın cənubundakı bir obyektdə hərbi məqsədli nüvə fəaliyyətlərinin olduğunu iddia etdilər. Ancaq həmin ərazidə bir firmanın işçiləri üçün inşa etdirdiyi tualet ortaya çıxdı. Neytral mövqe nümayiş etdirməli olan AEBA buna görə utanc duymalıdır”. O əlavə edib ki, bəzi Qərb ölkələri iyunun 18-19-da Moskvada keçiriləcək növbəti müzakirələri siyasi məcraya yönəltməyə səy göstərməməlidir: “Onlar İranla AEBA arasındakı müzakirələrə xələl vurmağa çalışmamalı və görüşlər siyasi dünyagörüşdən uzaq, texniki müstəvidə və dinc şəraitdə davam etdirilməlidir”. Ə. Sultaniyə bildirib ki, bəzi Qərb ölkələri AEBA nəzarətçisi kimi öz səlahiyyətlərini aşır və İranın nüvə fəaliyyətlərini başqa yönə istiqamətləndirmək istəyirlər: “Bəzi ölkələrlə agentlik və nəzarətçilər arasındakı əlaqələr qəbuledilməzdir və bu vəziyyət AEBA-ya ciddi zərər verir”.
Qeyd edək ki, iyunun 8-də Vyanada İranla AEBA arasında növbəti müzakirələr keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR