Mahmud Əhmədinejad: “İran prinsip olaraq və öz inancları baxımdan nüvə silahının yayılmasına qarşıdır”

Mahmud Əhmədinejad: “İran prinsip olaraq və öz inancları baxımdan nüvə silahının yayılmasına qarşıdır”
# 07 iyun 2012 13:21 (UTC +04:00)
APA-nın İran mətbuatına istinadən məlumatına görə, M. Əhmədinejad İranla Çin xalqları arasındakı əlaqələrin səmimi, dostyana və dərin tarixi köklərə malik olduğunu söyləyib: “İki ölkə arasındakı əlaqələrdə mənfi heç bir nöqtə yoxdur və İran heç bir məhdudiyyət olmadan Çinlə əlaqələrini inkişaf etdirmək istəyindədir. Keçmişdə iki ölkə liderləri arasında ticarət həcminin on il içində 200 milyard dollara çatdırılması barədə razılıq əldə olunub. Bu gün İranla Çin arasında mövcud olan möhkəm əlaqələr və iki ölkə səlahiyyətlilərinin dostyana rəftarları diqqətə alındığında bu hədəf daha erkən reallaşacaq. Çünki keçən il iki ölkə arasındakı ticarətin həcmi 45 milyard dollara çatıb”.

İran prezidenti Çin xalqının sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı başda olmaqla beynəlxalq sahədə sahib olduğu haqlara verdiyi dəstəyə görə minnətdarlığını bildirib: “İran prinsip olaraq və öz inancları baxımdan nüvə silahlarının yayılmasına qarşıdır. Amma eyni zamanda sülh məqsədli nüvə enerjisindən istifadə etməyin NPT müqaviləsini imzalayan bütün ölkələrin haqqı olduğuna inanır. Lakin bəzi Qərb dövlətlərinin İranla düşmənçilikləri Tehranın sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqında israrından irəli gəlmir, bəlkə də həmin ölkələr bu məsələni bəhanə edirlər. Qərb və onların başında dayanan ABŞ Çində də insan haqlarını bəhanə gətirir. Əfqanıstan və İraqda bir milyon insanı qətl edən ABŞ insan haqlarını pozur, yoxsa Çin?”.

İranın bütün dünya ölkələri arasında AEBA ilə ən çox əməkdaşlıq edən ölkə olduğunu deyən M. Əhmədinejad onların ölkəsinin nüvə proqramına qarşı müxalif mövqedə dayanmasının əsasən Tehranın inkişaf etmək istəməmələrindən qaynaqlandığını vurğulayıb: “Onlar İranın özlərindən asılı qalmasını istəyirlər və onlardan əmr almasını istəyirlər. Biz İranın nüvə proqramı ətrafında yaranmış problemin ədalət, hörmət və bərabər qanuni haqlar çərçivəsində dialoq holu ilə həll olunmasını istəyirik. Tehran Moskva, hətta Pekin də müzakirələrə hazırdır və yaxşı təklifləri də var. Bağdad müzakirələrindən sonra əldə olunmuş razılaşmaya əsasən, bir neçə mərhələdə görüşlərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun köməkçiləri səviyyəsində davam etdirilməsini istədik. Amma hələlik bir nəticə əldə etmiş deyilik. Buna görə də biz Qərbin bəhanə arxasında olduğunu və beləcə zaman qazanmağa çalışdığına inanırıq. Biz İranın nüvə proqramı ətrafında yaranmış problemin həlli üçün hərəkət edirik. Ancaq bu məsələnin bir yığıncaqda həll ediləcəyini gözləmirik. Lakin İranın yaxşı niyyəti və aparılan müzakirələrlə məsələnin müsbət həllə doğru irəliləməsinə ümid edirik”.

Ven Ciabao isə öz növbəsində Çinin İranla ənənəvi dostluğa əhəmiyyət verdiyini, Tehranı dəstəkləyəcəklərini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR