Yukiya Amano: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə silahı olduğunu heç vaxt deməyib”

Yukiya Amano: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə silahı olduğunu heç vaxt deməyib”
# 12 iyun 2012 13:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə silahının olduğunu heç vaxt deməyib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano ABŞ-ın “Wall Street Journal” qəzetinə müsahibəsində deyib.

O, İranla aparılan müzakirələrə ümidini qismən itirdiyini bildirib: “İrəliləyiş əldə olunmayan və hətta bəzən geriləyən müzakirələr məsələyə pessimist baxmağıma səbəb olur. Bununla belə, İranla danışıqlar davam edəcək”.

Y. Amano İran səfəri ilə bağlı da açıqlama verib: “Mən Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə ilk dəfə qarşılaşdım. O, İranın əsas mövqeyini açıqladı. Bir çox məsələdə eyni fikirdə olmasaq da, ortaq nöqtələrimiz də vardı. İxtilafların çox az olduğu qənaətindəyəm. Mənə İranda bildirdilər ki, ixtilaflar müzakirələrə mane olmayacaq. Razılaşmanın əldə olunacağına ümidim var”.

Y. Amano əlavə edib ki, AEBA İranda atom silahının olmasına və Tehranın nüvə silahı istehsal etməyə qərar verməsinə dair heç bir söz deməyib: “Biz sadəcə, İranın nüvə fəaliyyəti ilə bağlı bir sıra narahatlığımızın olduğunu bildirmişik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR