İranlı deputat: “Rusiya və Çin Moskva görüşündə İranın mövqeyini yaxşı müdafiə etmədi”

İranlı deputat: “Rusiya və Çin Moskva görüşündə İranın mövqeyini yaxşı müdafiə etmədi”
# 21 iyun 2012 09:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran geri addım atmayacaq və nüvə silahının yayılmaması barədə müqaviləyə (NPT müqaviləsi) qoşulmuş ölkə olaraq sülh məqsədli nüvə fəaliyyətlərini davam etdirəcək”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu fikirləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi deyib.

Onun sözlərinə görə, “altılıq” ölkələri ilə aparılan müzakirələr İranın nüvə enerjisindən faydalanmaq haqqının tanınması ilə nəticələnməlidir: “İranla razılığın əldə olunması “altılıq” ölkələrinə xeyirdir. Müzakirələrin müsbət nəticələnməsinin yeganə yolu İranın nüvə enerjisindən faydalanmaq haqqının rəsmi şəkildə tanınması və Tehrana qarşı sanksiyaların ləğv edilməsidir”.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd İsmayıl Kövsəri isə deyib ki, Qərb ölkələri İranın nüvə fəaliyyətlərini qəbul etsələr, müzakirələr aparmaqla vaxt itkisinə yol vermək olmaz: “İranın təklifləri həm qanuni, həm də şəffafdır. Qərb ölkələri beynəlxalq müqavilələrə görə, İranın uranın zənginləşdirilməsi haqqını qəbul olunmalıdır. AEBA-nın üzvü olan ölkələrin nüvə texnologiyasına ehtiyaclarının aradan qaldırılması vacibdir”.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının digər üzvü Mehdi Sənai vurğulayıb ki, “altılığ”a daxil olan bəzi ölkələr İranın uranın zənginləşdirilməsi işlərini dayandırmasını, ölkənin cənubundakı Qum şəhərində yerləşən “Fordo” yeraltı nüvə obyektinin bağlanmasını istəyir: “İran nüvə enerjisindən yararlanmaq məsələsində israrını davam etdirəcək”.

Onun sözlərinə görə, Rusiya və Çin Moskva görüşündə İranın mövqeyini yaxşı müdafiə etmədilər: “Bununla da “altılığ”a daxil olan bu ölkələr əvvəlki görüşlərdəki təəhhüdlərini yerinə yetirmədilər”. M. Sənai deyib ki, bir tərəfdən təzyiq siyasəti, digər tərəfdən isə müzakirələr aparılması istənilən nəticəni verməyəcək.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri iyulun 3-də İstanbulda mütəxəssislər səviyyəsində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR