Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub.
APA-nın xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir.
ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı təsdiqləyib və bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: “O, Azərbaycan Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq”.
C.Cəfərov vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini davam etdirir.
Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın oğlu, Nigar Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızıdır.