Bakı. Fərid Mirzəyev – APA. Mədəniyyət və Turizm Nazirliyi Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanıb çap edilib. Səttar Bəhlulzadənin Ev muzeyindən APA-ya verilən xəbərə görə, kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.
Məlumatda bildirilib ki, kataloqda Xalq rəssamının çəkdiyi 50-yə yaxın karikatura çap olunub: “Şəkilaltı yazılar 1930-cu ildə tətbiq edilmiş Azərbaycan türkcəsinin orfoqrafiyası saxlanılmaqla verilib. Kataloq rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, Səttarın cəmiyyətdə mövcud olan əyrintilərlə mübarizə apamaq əzmində olmasını nümayiş etdirir”.
Qeyd edək ki, bu yaxınlarda rəssamlar, sənətşünaslar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə kataloqun təqdimat mərasimi keçiriləcək.