BMT amerikalı jurnalistin öldürülməsindən məsul olan İsrail komandirini müəyyən edib

Şirin Əbu Akleh

© APA | Şirin Əbu Akleh

# 26 oktyabr 2023 12:55 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının komissiyası bildirib ki, keçən il işğal altındakı İordan çayının qərb sahilində Fələstin əsilli amerikalı jurnalist Şirin Əbu Aklehin öldürülməsinə görə məsuliyyət daşıyan İsrail komandiri və hərbi birliyi müəyyən olunub.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Şərqi Qüds, İşğal olunmuş Fələstin Ərazisi və İsrail üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyasının sədri Navi Pillay bildirib.

O deyib ki, araşdırma nəticəsində İsrail təhlükəsizlik qüvvələrinin “beynəlxalq insan hüquqlarına əsaslanmadan öldürücü güc tətbiq etməsi, qəsdən və ya ehtiyatsızlıq zəminində Şirin Əbu Aklehin yaşamaq hüququnu pozduğu” qənaətinə gəlinib.

BMT rəsmisi bildirib ki, məhkəmə ekspertizası və ekspert ifadəsindən sonra araşdırma komissiyası ölümcül atəşin İsrail Müdafiə Qüvvələrinin Duvdevan hərbi birliyində xidmət edən əsgər tərəfindən açıldığı qənaətindədir.

"Biz komandirin adını açıqlamadıq, lakin bununla bağlı da informasiyamız var", o bildirib.

Pillay komissiyanın araşdırması zamanı İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində silahlı fələstinli qrupları hədəf alan əməliyyatlarını artdığını, bəzi əməliyyatların isə “lazımsız və qeyri-mütənasib güc tətbiqini nəzərdə tutduğunu” qeyd edib. O həmçinin bildirib ki, İsrail böyük reydləri hüquq-mühafizə əməliyyatları deyil, hərbi əməliyyatlar kimi qiymətləndirir.

Xatırladaq ki, "Al-Jazeera"nın tanınmış jurnalisti Şiirn Əbu Akleh 2022-ci ilin mayında İsrail qüvvələrinin Cenin şəhərində yaraqlıları hədəf alan reydini işıqlandırarkən güllələnib. Beynəlxalq təzyiqlərdən sonra İsrail Müdafiə Qüvvələri tanınmış jurnalistin İsrail əsgəri tərəfindən vurulmasının “yüksək ehtimal” olduğunu etiraf edərək üzr istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR