Bakı-APA. “Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Dövlət başçısı bildirib ki, pambıqçılıqla bağlı işlər uğurla gedir: “Sabirabad rayonunda müşavirə keçirildi. İndi 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, iş yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək. Burada da gələcək planlarımızı nəzərə alaraq indidən tədbirlər görməliyik. Mənə verilən məlumata görə, bizim pambıqtəmizləmə zavodlarımızın həcmi 300-350 min tondur. Biz bu rəqəmə ola bilər 2018-ci ildə, bəlkə də tez çatacağıq. Ona görə, bizdə yeni pambıqtəmizləmə zavodları tikilməlidir. Artıq İqtisadiyyat Nazirliyinə göstərişlər verilib, özəl sektor da, əlbəttə ki, bu işə qoşulmalıdır. Onların harada qurulması üçün yerlər müəyyən edilməlidir ki, biz sonra vaxt itirməyək”.
Prezident vurğulayıb ki, subsidiyaların verilməsində ciddi addımlar atılıb: “Bu yaxınlarda əlavə vəsait ayrıldı. Ondan əvvəl pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Yəni, biz bunu ona görə edirik ki, o ağır sahədə işləyənlər daha yaxşı pul alsınlar. On qəpik artım artıq orada işləyənlərin gəlirini iki dəfə artıracaq. Eyni zamanda, biz indi elə bir mexanizm işləmişik ki, bu, kəndliləri, fermerləri stimullaşdıracaq və onlar özləri buna daha böyük maraq göstərəcəklər. Bununla yanaşı, bizim kənd təsərrüfatında zəif yerimiz olan taxılçılıqdır. Biz özümüzü taxılla təqribən 65 faiz təmin edirik. Son vaxtlar böyük fermer təsərrüfatları yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq orta məhsuldarlıqdan təqribən iki dəfəyə yaxın çoxdur. Buna baxmayaraq, biz yenə də idxaldan asılıyıq. Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə, indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin sahələrini dövriyyəyə buraxmaqla biz buna nail ola və idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik”.