Bakı. Ramiz Mikayıloğlu-APA Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Belorusun Azərbaycandakı səlahiyyətli səfiri Gennadiy Axramoviç ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə Belorus şirkətləri ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. G. Axramoviç “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatlardan, İsveçrənin “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavoduda istehsal olunmuş ikimərtəbəli elektrik qatarlarının Bakı-Sumqayıt-Bakı marşrutunda istifadəsindən məmnun qaldığını bildirib.
Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.