Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 2% azalıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 2% azalıb
# 08 yanvar 2016 15:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov- APA-Economics. 2015-ci ilin dekabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 90,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,03% və ya 1,8 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, oktyabr ayı ilə müqayisədə noyabr ayında Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 7,2 mln. manat və ya 8,65% artıb.

Noyabr ayında dövlət büdcəsindən AİF-ə 3,9 mln. manatlıq vəsait ayrılıb.

Bu ilin yanvar-noyabr aylarında AİF 103,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Oktyabr ayında olduğu kimi noyabrda fondun 5 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin dekabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 833,6 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,71%, aylıq ödəniş isə 297,1 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, 2014-cü ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 114 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,81%, aylıq ödəniş isə 331,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR