Rusiyanın Nijnı Novqorod şəhərində 20 Yanvar şəhidləri anılıb

Rusiyanın Nijnı Novqorod şəhərində 20 Yanvar şəhidləri anılıb
# 21 yanvar 2016 21:58 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Nijnı Novqorod şəhərində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, Ümumrusiya Azərbaycan Konqresinin Nijeqorod vilayəti üzrə regional bölməsinin təşkilatçılığı ilə keçirilən tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan ÜAK-ın Nijeqorod vilayəti üzrə regional bölməsinin icraçı direktoru Roman Ağayev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən faciə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmin gün Azərbaycanda Sovet qoşunları tərəfindən dinc əhaliyə qarşı silah tətbiq olunduğunu söyləyib.

R. Ağayev qeyd edib ki, Mixail Qorbaçovun rəhbərliyi ilə Sovetlər İttifaqı rəhbərliyi Bakıda öz vətəndaşlarına qarşı xüsusi qəddar cinayət aksiyası həyata keçirib: "Nəticədə 170-ə yaxın insan həlak olub, 700 nəfərə yaxın yaralanıb. Bu qanlı aksiyadan sonra Sovet ordusu öz vəhşi cinayətlərinin izini itirmək üçün cəsədləri Bakıdan çıxarmağa cəhd edib. Lakin Bakı buxtası mülki gəmilər və neft tankerləri ilə bağlı olduğu üçün qatillərin cəhdi boşa çıxıb. Yanvarın 22-də demək olar ki, bütün Bakı müstəqillik uğurunda həlak olan qəhrəmanlarını dəfn etmək üçün Azadlıq meydanına toplaşıb".

Tədbirdə çıxış edən tanınmış jurnalist, publisist və yazıçı Valeri Tatarintsev Bakıda baş verən hadisələrin günahkarının Mixail Qorbaçov olduğunu bildirib. O, Qorbaçova nifrət etdiyini söyləyərək onun bu əmələ görə cəzalandırılmalı olduğunu, lakin bunun baş verməməsinin utancverici olduğunu qeyd edib.

Tədbirdə "Qara Yanvar- 2 nömrəli İş" sənədli filmi nümayiş olunub. Anım tədbiri 20 Yanvar şəhidlərinin ruhuna Müqəddəs "Quranı-Kərim"dən surələrin oxunması ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR