Astara. Ağəddin Babayev - APA. Astara rayonunda ölkəyə narkotik keçirən şəxs saxlanılıb. Bu barədə APA-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Şahağacı kənd sakini, 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, R.Qurbanov narkotik vasitəni daxili orqanlarında Astara sərhəd-buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirib.
Saxlanılan şəxs külli miqdar sayılan, ümumi çəkisi yeddi bükümdə 42,741 qram narkotik vasitə olan heroini İran İslam Respublikasının vətəndaşı Hüseyn adlı şəxsdən aldığını bildirib.
Həkimlərin R.Qurbanovun mədəsindən xaric etdikləri narkotik vasitə maddi sübut kimi götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.